Konçetta Fierravanti-Uells: Avstraliya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hər zaman dəstəkləyib
Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə və Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva ilə bu ölkənin beynəlxalq inkişaf və Sakit okean əməkdaşlığı naziri xanım Konçetta Fierravanti-Uells arasında görüş keçirilib.
1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Avstraliyalı nazirə Azərbaycanın siyasi-iqtisadi uğurları, energetika, nəqliyyat və digər sahələr üzrə regionda həyata keçirilən iri layihələr barədə geniş məlumat verilib. Ona Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçı siyasəti barədə məlumat verilib.
Azərbaycan nümayəndələri ədalətli mövqeyi və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməsinə görə Avstraliyaya minnətdarlığını bildiriblər.
Konçetta Fierravanti-Uells öz növbəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklənməsi məsələsində Avstraliya hökumətinin dəyişməz mövqeyini bir daha vurğulayıb.
O, həmçinin Azərbaycanla həm siyasi, həm də ticarət-iqtisadi sahələrdə əlaqələrin genişləndirilməsində böyük maraq ifadə edib və dövlətlərarası münasibətlərin vacib hissəsi sayılan parlamentlərarası münasibətlərin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər həmçinin Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindən sayılan qeyri-neft sektorunda əməkdaşlıq perspektivlərini müzakirə edib. Kənd təsərrüfatı, turizm, IT kimi sahələrdə əməkdaşlıq və Avstaliyanın təcrübəsindən yararlanmağın vacibliyi vurğulanıb.
Bundan başqa, Azərbaycanın multikulturalizm və tolerantlıq siyasəti barədə məlumat verilib. Konçetta Fierravanti-Uells Avstraliya multikulturalizm nazirinin keçmiş müavini olaraq müasir dünyada multikulturalizm dəyərlərinin təbliğ olunmasının vacibliyini anladığını qeyd edib və Azərbaycanın bu istiqamətdə səylərini dəstəkləyib.
Qeyd olunub ki, bu il Azərbaycan ilə Avstraliya arasında diplomatik münasibətlərin 25 ili tamam olur, eləcə də münasibətlərin möhkəmləndirilməsi və əməkdaşlığın inkişafı üçün qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.
S.Xankişiyeva