Azərbaycanla Fransa arasında biznes əlaqələrinin inkişafı müzakirə olunub
Fransanın Azərbaycandakı səfirliyinin dəstəyilə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Tranzit Yükdaşımaları üzrə Koordinasiya Şurası ilə birgə "Nəqliyyat və logistika sektorlarında ticarət və biznes imkanları" mövzusunda seminar keçirib.
1news.az-ın məlumatına görə, tədbir, iştirakçıları Azərbaycanın hazırki tranzit imkanları ilə tanış etmək, Azərbaycan və Fransa arasında biznes əlaqələrini sürətləndirmək və yeni tərəfdaşlıqlar üçün imkanlar yaratmaq məqsədini daşıyıb.
Fransanın Azərbaycandakı səfiri Aureliya Buşezin açılış nitqindən sonra Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna həsr olunmuş film nümayiş etdirilib.
Seminarda çıxış edən Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ofis rəhbəri Elçin Əhmədov Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun müqayisəli üstünlükləri və perspektivləri barəsində məlumat verib.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin İstismar Xidmətinin müdiri Eugene Seah (Yucin Si) "Bakı Limanının fəaliyyəti və planları: Ələt Azad Ticarət Zonasının inkişaf konsepsiyası" mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə eyni zamanda CIM Groupe, Faiveley Transport Russia LLC, Alstom, Thales, Total, və Bureau Veritas kimi fransız şirkətlərinin nümayəndələri çıxış ediblər.
Seminarda Azərbaycan- Fransa Ticarət və Sənaye Palatasının üzvləri olan şirkətlərin nümayəndələri iştirak ediblər. Müxtəlif mövzular üzrə məruzə və fikir mübadiləsinin aparılması ölkədə iqtisadiyyatın daha da inkişafına, habelə Azərbaycan və Fransa arasında mövcud ticarət əlaqələrinin daha da genişləndirilməsinə xidmət edib.
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası gələcəkdə iqtisadiyyatın əsas qeyri-neft sektorları üzrə müxtəlif seminarlar təşkil etməyi planlaşdırır.
Pərvanə Sultanova