Gürcüstanın prezidenti və baş naziri İlham Əliyevi təbrik edib
Gürcüstanın prezidenti Giorgi Marqvelaşvili Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:
“Zati-aliləri.
Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.
Məmnuniyyətlə qeyd etmək istərdim ki, müxtəlif çətinliklərə baxmayaraq, Azərbaycan xalqı uğurlu, müstəqil və inkişaf edən, beynəlxalq arenada layiqli yerini tutan dövlət yaratmağı bacarmışdır. Gürcüstan Azərbaycan Respublikası ilə dost əlaqələrinə böyük əhəmiyyət verir və inanıram ki, birgə səylərimiz nəticəsində strateji tərəfdaşlığımız və xalqlarımız arasındakı çoxəsrlik dostluq münasibətləri gələcəkdə daha da dərinləşəcəkdir.
Gürcüstanın suverenliyini və müstəqilliyini dəstəklədiyiniz üçün Sizə minnətdarlığımı ifadə edirəm.
Zati-aliləri, fürsətdən istifadə edərək bir daha Sizə öz dərin ehtiramımı ifadə edir və dost Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah diləyirəm”.
Qeyd edək ki, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili də dövlət başçımıza analoji təbrik məktubu göndərib.
Bu il Gürcüstan və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaranmasının 25 illiyinin tamam olduğunu deyən baş nazir bildirib ki, bu illər ərzində ölkələrimiz nəinki regional, bütövlükdə qlobal qarşılıqlı maraqlara əsaslanan mehriban qonşuluq münasibətləri və möhkəm dostluq əlaqələri qura bilib.
“Gələcəkdə tərəfdaşlığımızın daha da güclənməsini, müxtəlif sahələrdə əməkdaşlığımızın genişlənməsini arzu edirəm.
Zati-aliləri, Sizi bu əlamətdar bayram münasibətilə bir daha təbrik edir, Sizə və qardaş Azərbaycan xalqına davamlı sülh, əmin-amanlıq, uğurlar və rifah diləyirəm”- deyə, G.Kvirikaşvili qeyd edib.
Babək Cahandarov