ÜAK prezidenti Fazil Qurbanov: Vaxtilə Heydər Əliyev rəhmətlik qardaşıma demişdi... | 1news.az | Xəbərlər
Siyasət

ÜAK prezidenti Fazil Qurbanov: Vaxtilə Heydər Əliyev rəhmətlik qardaşıma demişdi...

10:02 - 06 / 06 / 2017
ÜAK prezidenti Fazil Qurbanov:  Vaxtilə Heydər Əliyev rəhmətlik qardaşıma demişdi...

2001-ci ildə yaradılan Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılması ilə bağlı Rusiya Federasiyası Ali Məhkəməsinin verdiyi qərarın ləğv ediləcəyinə ümidlər hələ ki qalır. Əslində ötən ilin dekabrında ÜAK-ın yeni rəhbərliyinin seçilməsindən sonra Rusiya Ədliyyə Nazirliyinin quruma qarşı hücuma keçməsi və qeydiyyatla bağlı iddiasının təmin olunması üçün israrlı mövqe nümayiş etdirməsi çoxsaylı suallar və ehtimalların ortaya çıxmasına rəvac verib.

“Yeni Müsavat” olaraq bu mövzunun ortaya çıxdığı ilk gündən məsələni diqqətdə saxlamışıq, əlimiz çatan şəxslərdən mövqe almışıq, Rusiyanın 78 bölgəsini əhatə edən, təkcə Rusiyadakı milyonlarla soydaşımızın taleyi baxımından deyil, həm də dövlətimizin imici baxımından əhəmiyyətli rol oynaya biləcək nəhəng diaspor təşkilatımızın fəaliyyətini davam etdirməsi zərurətindən bəhs edən yazılar yazmışıq. Bu mənada ÜAK-ın prezidenti Fazil Qurbanovla danışmaq, nələrin baş verdiyinə onun cavablarını almaq üçün çox çalışdıq, nəhayət, telefon əlaqəmiz baş tutdu. Təşkilatın rəhbəri suallarımızı ətraflı cavablandırdı.

- Fazil müəllim, ÜAK-ın taleyi ilə bağlı işlər hansı səviyyədədir, təşkilatın yaşayacağına ümid edirsinizmi?

- Biz indi apelyasiyaya hazırlaşırıq. Bilirsiniz ki, məhkəmə mayın 15-də olub, 29-da isə Ali Məhkəmə bizə qərarını təqdim edib. İndi o qərarla əlaqədar biz apelyasiya şikayətini hazırlayırıq.

- ÜAK-ın ləğvinin arxasında ermənipərəst qüvvələrin dayandığı, prosesin siyasi mahiyyət kəsb etdiyi barədə versiyalar səslənir. Əslində nə baş verdi ki, Ədliyyə Nazirliyi təşkilatın qeydiyyatının ləğvi üçün hərəkətə keçdi?

- Əslində siyasi, milli məsələlər yoxdur. Bəzi adamlar deyirlər ki, ermənilərin işidir, ya nə... Belə şey yoxdur. Burada köhnə rəhbərliyin səhvləri olub, sənədləri düzgün hazırlamayıblar, Rusiya Ədliyyə Nazirliyinin xəbərdarlıqlarına düzgün reaksiya verməyiblər. Köhnə rəhbərliyin başısoyuqluğu, işi düzgün aparmaması vəziyyəti bu həddə gətirib. Ona görə də biz bütün sənədləri hazırlayırıq. Yaxşı vəkillərimiz də var. Çalışırıq ki, iyunun 15-dək apelyasiya şikayətimizi hazırlayıb Ali Məhkəmənin Kollegiyasına təqdim edək. İndi bu məsələlərlə məşğuluq.

- Deməli, siz burada siyasi motivlərin və ya ermənipərəst qüvvələrin rolunu tam istisna edirsiniz?

- Birmənalı şəkildə. Bizim sənədləri hazırlayan vitse-prezident var, Ələsgər Tağıyev, onun səhvidir. O, qanuna düzgün əməl etməyib. Keçmiş rəhbərlik sənədlərin hazırlanmasını ona həvalə etmişdi. Ancaq o, bisavad kimi bu işləri düzgün həyata keçirməyib, odur ki, mən onu bu işlərdən uzaqlaşdırdım.

- Yəqin ki, müxtəlif səviyyələrdə görüşləriniz də olur. Rusiyanın hakimiyyət nümayəndələri yaranmış vəziyyətə necə reaksiya verirlər

- Bəli, mən çox görüşlər keçirirəm. Rusiya Federasiyasındakı rəsmilərlə, Dövlət Dumasının deputatları ilə görüşlərim olur, onlarla işləyirəm. Həmçinin regionlardakı görüşlərimdə demişəm ki, bu təşkilatı bağlamaq olmaz, çünki onun əsasını Vladimir Putinlə ümummilli liderimiz rəhmətlik Heydər Əliyev qoyub. Odur ki, bu təşkilat bağlanmamalıdır! Özü də necə ola bilər ki, Rusiyanın 70 regionunda fəaliyyət göstərən bir təşkilat fəaliyyətini dayandıra bilər? Mən bu regionların hamısı ilə danışmışam. Hamısı da möhkəmdir, deyirlər ki, Fazil müəllim, biz sizinləyik, siz də möhkəm olun!

- Sizinlə bağlı yüksək fikirlər eşitmişik, həm Rusiya hakimiyyət dairələri, həm Azərbaycan diasporu arasında nüfuz qazandığınız deyilir. Ötən ilin sonlarında təşkilata rəhbər seçilməyinizdən sonra ÜAK-ın qeydiyyatı ilə bağlı məsələnin gündəmə gəlməsi həm də sizə qarşı düşünülmüş bir oyun ola bilərmi?

“Mən yeni seçiləndə dedim ki, bəzi adamlar burada olmayacaq”

- Ola bilsin bəzi adamlar mənim təşkilata rəhbər gəlməyimi istəməyib. Çünki bilirdilər ki, mən onların qarşısını alacağam. Elə mən yeni seçiləndə öz məruzəmdə dedim ki, bəzi adamlar burada olmayacaq. Çünki bəzi adamlar var ki, təşkilata üzv olurlar, amma işləmirlər. Dedim ki, oğurluqla məşğul olanları, şəxsi ambisiyaları üçün çalışanları burada saxlamayacağam. Xəbərdarlıq etdim ki, burada işləyən adamlar öz vətənini sevənlər, cəmiyyətimizdə avtoritet sahibi olanlar olmalıdır. Çünki mən bura gəlmişəmsə, başqa cür ola bilməz! Həm də vaxtilə Heydər Əliyev mənim rəhmətlik qardaşıma demişdi ki, Aydın, sən bu təşkilatı yavaş-yavaş inkişaf etdir! O zaman qardaşım Moskvada rəhmətlik Heydər Əliyevin tövsiyəsi ilə bu təşkilatın inkişafı üçün çalışırdı.

Mən ona görə bu təşkilatın rəhbərliyinə gəldim. Yoxsa mən cərrah adamam, elmi işlə məşğul oluram, Azərbaycan üçün neçə-neçə professor, elmlər doktoru yetişdirmişəm. Təkcə 14 azərbaycanlı var bunların içində, hələ rusları demirəm. Həm burda, həm Azərbaycanda kitablarım, dərsliklərim var. Ona görə mən bura gəlmişəm ki, bu cəmiyyət işləsin, bağlanmasın, daha da inkişaf etsin. Ola bilsin dediklərim bəzi adamların xoşuna gəlməyib. 5-6 jurnalist var, əslində jurnalist deyillər, “kloun”durlar... Bunlar durub yalandan nələrsə danışıblar. Özləri də həmin tədbirdə iştirak ediblər. Amma mən onları kənarlaşdırdığım üçün onlar indi belə reaksiya verirlər.

- Təşkilatın qeydiyyatının ləğvi işində azərbaycanlı tanınmışların, həmçinin Abbas Abbasov və digərlərinin adı hallanırdı. Nə dərəcədə həqiqətdir?

- Mən Abbas Abbasov, ya başqasının adını çəkmək istəmirəm, onlar özləri bilər. Mən gəlmişəm ki, bu təşkilatı, Heydər Əliyevin qardaşıma vəsiyyət etdiyi təşkilatı - Allah onlara rəhmət eləsin - saxlayım, daha yüksək fəaliyyətinə nail olum. Ancaq yuxarıda dediyim kimi, sənədləşmə işləri düzgün həyata keçirilmədiyi üçün belə vəziyyət yaranıb. Mənə bu etimad göstərilibsə, mən necə işləməyə bilərəm? Ona görə də bəyan etmişəm ki, burada bəzi şeylər olmayacaq, adamların şəxsi ambisiyalarına imkan verilməyəcək.

- ÜAK-ın qeydiyyatının ləğvini Azərbaycandakı 2018-ci il prezident seçkilərinə Rusiyanın təzyiqi kimi qiymətləndirənlər də az deyil. Kremlin Azərbaycandakı seçkilərə “Milyarderlər ittifaqı”sayağı yeni sürprizləri ola bilərmi?

- Ola bilsin. Mən istəmirəm ki, indi siyasi məsələlərdən danışım. Hər şey ola bilər. Amma mən siyasətə girişmək istəmirəm. Bu məsələ ilə bağlı isə əminliklə deyirəm ki, sənədləşmədəki problemlər gətirib bu vəziyyəti yaradıb. Son 1,5-2 il ərzində bəzi savadsız adamlar təşkilatı bu günə salıblar.

“ÜAK yaşayacaq, yaşamalıdır da. Çünki bu təşkilat bizim ümummilli liderimiz rəhmətlik Heydər Əliyev və Vladimir Putinin xeyir-duası ilə yaradılıb”

- Kinorejissor Rüstəm İbrahimbəyov bizə müsahibəsində demişdi ki, ÜAK-ın qeydiyyatının bərpası işində rəhbərliyə dəstək verməyə hazırdır, sadəcə, hər hansı təklif almadığı üçün kənarda dayanmağa, müdaxilə etməməyə üstünlük verir.

- İndi biz çalışırıq, işləyirik. Hamı çox sağ olsun. Bizə vəkillər lazım deyil, özümüz həll etməyə çalışırıq. Azərbaycan dövləti, bizim deputatlar, diaspor üzvləri də sağ olsun. Amma bir məsələ var ki, burada siyasi mövqe lazım deyil. Belə hallar adamları daha da qızışdırır. Kimlərsə deyir burada ermənilər, ya ruslar rol oynayıb. Biz gərək belə məsələlərin üzərində dayanmayaq. Burada sənədləşmə məsələsi var, düzgün hazırlamayıblar, yaxud reaksiya verməyiblər. Burada oturan bisavad adamlar Ədliyyə Nazirliyinin xəbərdarlıqlarını cırıb tullayıblar. Yəni belə səhvlər olub.

- Müşahidələr göstərir ki, Azərbaycan prezidenti başda olmaqla, dövlət ÜAK-a çox ciddi önəm verir və onun yaşaması üçün çalışır...

- Əlbəttə. Prezidentin də məsələdən xəbəri var. Bu boyda təşkilatın belə bir vəziyyətə düşməsi təbii ki, hər kəsi narahat edir.

- Ümid edək ki, ÜAK fəaliyyətini davam etdirəcək və düşməni sevindirməyəcək...

- ÜAK yaşayacaq, yaşamalıdır da. Çünki bu təşkilat bizim ümummilli liderimiz rəhmətlik Heydər Əliyev və Vladimir Putinin xeyir-duası ilə yaradılıb. Rusiyanın “Yedinaya Rossiya”, “Narodnıy Front” təşkilatları yaxından əməkdaşlıq edirik. Ona görə də ola bilməz ki, fəaliyyətimiz dayandırılsın. Biz 15 iyunda apelyasiyanı verməyə çalışacağıq. Sonra da Ali Məhkəmənin Kollegiyasının nə zaman öz qərarını elan edəcəyini gözləyəcəyik...

Yeni Müsavat

Paylaş:
1265

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər