Qarabağda TUMO Mərkəzi – Gənclər yaradıcılığı adı altında kiber terror mərkəzi – FAKTLAR...
XIX əsrin sonundan vüsət alan erməni terrorizminin tarixi göstərir ki, ermənilərin mülki obyektlərin, emalatxanaların və hətta kilsələrin partlayıcı maddələr düzəltmək, silah-sursat hazırlamaq və gizlətmək üçün istifadə edilməsində “maraqlı” təcrübələri var.
Xeyriyyə təşkilatları və ya diaspora qurumları - məsələn ANCA (Amerika erməni milli komitəsi), AGBU – Ümumerməni xeyriyyə təşkilatı adı altında isə erməni terrorizminin maliyyələşdirilməsi və terrorçuların hazırlanması başqa bir nümunədir.
Hazırda Ermənistanın Azərbaycana qarşı apardığı müharibənin tərkib hissəsi kimi bu “tarixi təcrübə”dən yenə də istifadə olunur. Bu günlərdə Azərbaycan Müdafiə Nazirliyi tərəfindən verilmiş xəbərdə Ermənistan silahlı qüvvələrinə aid video-müşahidə cihazının ələ keçirilməsi haqqında məlumat verildi və kustar üsulla hazırlanan həmin cihazın şəkilləri təqdim olundu. Oxucu obyektiv olaraq bunu növbəti hərbi uçuş vasitəsi kimi qəbul edə bilər. Amma məsələ göründüyündən daha fərqlidir.
Qurğunun ilkin araşdırılması nəticəsində onun hava şarı (zond), kiçik həcmli paraşüt, penoplast qutunun içərisinə yerləşdirilmiş kamera, müxtəlif ötürücü antena və naqillərdən ibarət olmaqla kustar üsulla hazırlandığı aydın olur.
Amma ən maraqlısı odur ki, ələ keçirilən video-müşahidə vasitəsindəki kameranın yaddaş kartından bir sıra fotoşəkillər, sim kartın yaddaşından isə Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən “Karabakh Telecom” adlı mobil operatora məxsus telefon nömrəsi aşkar edilib. Həmin mobil telefon nömrəsinin Xankəndindəki “TUMO” Yaradıcı Texnologiyalar Mərkəzinin əməkdaşlarından birinə məxsus olduğu müəyyən olunub. Qeyd olunanlar açıq şəkildə göstərir ki, sözügedən cihaz kustar üsulla TUMO mərkəzində hazırlanıb və Ermənistan silahlı qüvvələrinin istifadəsinə verilib.
Xatırladaq ki, cari ilin 8 may tarixində Ermənistan prezidenti Serj Sarqisyanın da iştirak etdiyi “TUMO” layihəsinin Xankəndi şəhərində açılış mərasimi keçirilib. “TUMO” -nun rəhbəri ABŞ-da yaşayan və əslən liviyalı olan Mari Lu Papazyandır. Kompüter proqramlaşdırılması, robot texnikası və qrafik dizayn sahəsində erməni gəncləri ixtisaslaşdırmaq pərdəsi altında “TUMO” əslində hərbi təyinatlı məhsullar hazırlamaqla məşğuldur. Həmçinin TUMO mərkəzi Ermənistan silahlı qüvvələri və xüsusi xidmət orqanlarının patronajlığı altında kiber hücum və kiber diversiya mərkəzi kimi fəaliyyət göstərir.
“TUMO”-nun Xankəndi ilə yanaşı Dilican, Gümrü və İrəvan şəhərlərində də mərkəzləri fəaliyyət göstərir.
Növbəti sual TUMO mərkəzinin maliyyələşdirilməsidir. Qaranlıq və ziddiyyətli keçmişi olan Mari Luiz Papazyan ABŞ və digər qərb ölkələrindən maliyyə mənbələri əldə edir və bu yolla TUMO mərkəzinin fəaliyyətini maliyyələşdirirlər. Dolayısı ilə ABŞ və qərb ölkələrindən daxil olan maliyyə vasitələri Ermənistanın Azərbaycana qarşı təcavüzünə xidmət edən və kiber hücumlar üzrə ixtisaslaşan və kadrlar hazırlayan TUMO mərkəzinin fəaliyyətini təmin edirlər. Xüsusən ABŞ vətəndaşı olan erməni əsilli İT mütəxəssisləri TUMO mərkəzlərində, o cümlədən işğal olunmuş Xankəndi şəhərindəki TUMO mərkəzində dövrü əsasda təlim keçirlər. Sonradan da onların təlim keçdikləri şəxslər hərbi təyinatlı video-müşahidə cihazı hazırlayaraq Ermənistan silahlı qüvvələrinə təhvil verir və bu cihazlar da mülki Azərbaycan obyektlərinin hədəfə alınmasına xidmət edir. Bu cihazların texniki parametrləri kamuflyaj edilmiş hərbi obyektləri müəyyən etməyə kifayət deyil.
Təsadüfi deyil ki, Azərbaycan ATƏT-in Yerevan ofisinin mandatına zidd olaraq minalardan təmizləmə fəaliyyəti məsələsini qaldırdı. Vyanada əyləşən və dərin mənasını başa düşməyərək yalnız nitqin gözəlliyi üçün “əməkdaşlıq, sülh, sabitlik, humanitar məqsədlər” kimi sözləri yeri gəldi-gəlmədi işlədən bir sıra qərb diplomatları indi yəqin Azərbaycanın narahatlığını başa düşərlər. ATƏT-in Yerevan ofisinin mina təmizləmə fəaliyyəti adı altında Ermənistan mina təmizləmə üzrə texniki bilgilər və kadr potensialı əldə edir ki, sonradan da onu Azərbaycanın işğal olunmuş ərazilərində hərbi mina fəaliyyəti üçün istifadə edir. Mina təmizləməyi öyrənən şəxs eyni zamanda onu daha asanlıqla basdırmaq kimi keyfiyyət də əldə edir.
Eyni problem Azərbaycanın işğal olunmuş ərazilərində uzun müddətdir fəaliyyət göstərən və Britaniya hökuməti və ABŞ tərəfindən maliyyələşdirilən Halo Trust təşkilatıdır. Əsasən keçmiş hərbiçilərdən ibarət olan Halotrustçılar TUMO mərkəzində olduğu kimi guya nəcib humanitar məqsədlər üçün ermənilərə mina təmizləmə fəaliyyəti keçirlər. Bu bilgini əldə edən ermənilər isə axşam paltarlarını dəyişib hərbi məqsədlərlə işğal olunmuş ərazilərdə mina və partlayıcı mərmilər yerləşdirirlər.
Bu təcrübənin nəticəsidir ki, Ermənistan mütəxəssislərinin peşəkarlıqla ayıcıq kuklanın içərisinə yerləşdirdiyi və Tovuz istiqamətində çaya atdığı partlayıcı maddə uşaq sadəlövhlüyü ilə kukla olaraq əlinə götürdüyü Aygün Şahmalıyevanın ölümünə səbəb oldu.
Necə ki, TUMO mərkəzinin hazırladığı video müşahidə cihazları son günlərdə işğal olunmuş ərazilərdə mülki obyektlərin minaatanlardan bombalanmasında Ermənistan ordusuna xidmət etdi. Görəsən TUMO mərkəzlərinə pul və beyin axınının qarşısını almaq üçün ABŞ və qərb dövlətlərinin müvafiq orqanları tədbir görmək niyyətindədirlərmi?
1news.az