Naxçıvanda istehsal olunan məhsulların Türkiyəyə ixracına dair müzakirələr aparılıb
İyunun 8-də İqtisadiyyat Nazirliyində ölkəmizdə səfərdə olan Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüşdə Azərbaycandan, xüsusilə Naxçıvan Muxtar Respublikasından Türkiyəyə ixracın genişləndirilməsinə, iki ölkə arasında Preferensial Ticarət Sazişinə və ölkələrimiz arasında ticarət məsələlərinə dair müzakirələr aparılıb.
İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Türkiyə əlaqələrinin strateji səviyyədə olduğunu, ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini, birgə layihələrin uğurla reallaşdırıldığını vurğulayıb. 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 88%, o cümlədən ixrac 4 dəfə, idxal isə 18% artıb.
Nazir Ş.Mustafayev qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının davamlı inkişafına böyük önəm verilir.
Naxçıvanın inkişaf etdiyini, müasir infrastrukturun, istehsal müəssisələrinin yaradıldığını diqqətə çatdıran Ş.Mustafayev bu baxımdan Muxtar Respublikanın potensialının reallaşdırılmasının, ixracının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Naxçıvanda istehsal olunan məhsulların Türkiyə ixracının artırılması üçün imkanlar böyükdür. Azərbaycan və Türkiyə prezidentləri bu potensialın reallaşdırılmasına xüsusi önəm verirlər. Bu istiqamətdə indiyədək rəsmi şəxslərin və sahibkarların iştirakı ilə görüşlər keçirilib, qarşılıqlı səfərlər təşkil olunub, müzakirələr aparılıb.
Türkiyə nümayəndə heyəti Naxçıvan məhsullarının Türkiyəyə ixracının genişləndirilməsinə dəstək veriləcəyini, bu istiqamətdə əlaqədar qurum və sahibkarlarla sistemli iş aparıldığını və türk iş adamlarının Naxçıvana investisiya qoyulmasında maraqlı olduğunu bildirib.
Qeyd edək ki, müzakirələrdə Azərbaycan Mərkəzi Bankının, Dövlət Gömrük Komitəsinın, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin, Türkiyənin İqtisadiyyat Nazirliyinin və Mərkəzi Bankının yüksək vəzifəli rəsmiləri iştirak ediblər.
Babək Cahandarov