Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycanın və Türkiyənin ərazilərinə iddiaları ehtiva edən müddəalara yer verilməyib | 1news.az | Xəbərlər
Dünya

Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycanın və Türkiyənin ərazilərinə iddiaları ehtiva edən müddəalara yer verilməyib

Qafar Ağayev17:10 - Bu gün
Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycanın və Türkiyənin ərazilərinə iddiaları ehtiva edən müddəalara yer verilməyib

Ermənistan hökumətinin açıqladığı yeni Konstitusiya layihəsində ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda ərazi iddialarını ehtiva edən 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadlar yer almayıb.

1news.az xəbər verir ki, Ermənistan hökuməti yeni Konstitusiya layihəsini rəsmi internet səhifəsində dərc edib.

Baş nazir Nikol Paşinyanın daha əvvəl məlumat verdiyi kimi, layihənin mətnində 1990-cı il avqustun 23-də qəbul edilmiş Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad edən müddəalar yer almayıb.

Yeni Konstitusiyanın preambulasında qeyd olunur:

"Biz, Ermənistan Respublikasının xalqı, dövlətçiliyimizin davamlılığını və inkişafını təmin etmək, beynəlxalq səviyyədə tanınmış ərazilərimiz daxilində müstəqil, sülhsevər, təhlükəsiz və firavan dövlət qurmaq, eləcə də bu dövləti nəsildən-nəslə ötürmək əzmində olaraq, Ermənistan Respublikasının Konstitusiyasını qəbul edirik. Konstitusiya Ermənistan Respublikasının daxili və xarici münasibətlərinin əsas prinsipləri ilə bağlı ümumi razılığımızı ifadə edir".

Mövcud Konstitusiyada Azərbaycan və Türkiyənin ərazilərinə iddialar ehtiva edən bəyannaməyə istinad var

Qeyd edək ki, Ermənistanın hazırkı Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad mövcuddur. Həmin bəyannamədə Azərbaycan və Türkiyənin bəzi ərazilərinə dair ərazi iddiaları yer alır.

Paşinyan sosial şəbəkə hesabında paylaşım edərək yeni Konstitusiya layihəsini təqdim etməkdən məmnun olduğunu bildirib. O, bütün vətəndaşların hökumətin internet səhifəsinə daxil olaraq layihə ilə tanış ola və öz təkliflərini göndərə biləcəyini qeyd edib.

Yeni layihədə "Ağrı dağı" ifadəsinə də yer verilməyib

Yeni Konstitusiya layihəsində Ermənistan Respublikasının dövlət rəmzləri ilə bağlı müddəalar da yenidən işlənib.

Belə ki, hazırkı Konstitusiyanın 21-ci maddəsində dövlət bayrağı, himni və gerbi ilə bağlı müddəalar yer alır. Gerbdə Nuhun gəmisi və Ağrı dağının təsvirləri əks olunub.

Yeni layihədə isə bu məsələyə dair yalnız aşağıdakı müddəa nəzərdə tutulub:

"Ermənistan Respublikasının dövlət rəmzləri gerb, bayraq və himndir. Gerbin və bayrağın təsviri, habelə himn referendum yolu ilə qəbul edilən qanunla müəyyən olunur".

Beləliklə, yeni layihədə dövlət gerbinin və digər rəmzlərin konkret təsvirləri ətraflı şəkildə göstərilmir.

Layihədə diqqətçəkən digər dəyişiklik Konstitusiyanın birinci maddəsinə "dünyəvilik" prinsipinin əlavə edilməsidir. Belə ki, yeni redaksiyada Ermənistan Respublikası "suveren, demokratik, dünyəvi və sosial hüquqi dövlət" kimi təsbit olunur.

Paşinyan: Daimi və geri dönməz sülhə də sahib olacağıq

Yeni Konstitusiya layihəsinin dərc olunmasından sonra Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciət edib.

O, çıxışında yeni Konstitusiya layihəsinin hər hansı şəxsə və ya hökumətə deyil, Ermənistan xalqının dövlət üzərində suverenliyinə əsaslandığını bildirib. Paşinyanın sözlərinə görə, sənəddə xalq dövlətin qurucusu və hakimiyyətin mənbəyi kimi müəyyən edilir.

Baş nazir Ermənistan Respublikasının yaradılmasının əsas məqsədinin xalqın təhlükəsizliyini, azadlığını və rifahını təmin etmək, milli kimliyini qorumaq, insan hüquq və azadlıqlarını müdafiə etmək olduğunu vurğulayıb. O, Konstitusiya layihəsinin də məhz bu məqsədlər nəzərə alınmaqla hazırlandığını qeyd edib.

Yeni dövlət modeli - "Dördüncü Respublika"

Paşinyan yeni Konstitusiya layihəsinin yalnız hüquqi normaları müəyyənləşdirmədiyini, eyni zamanda yeni dövlət modelinin əsasını qoyduğunu bildirib. O, bu modeli "Dördüncü Respublika" adlandırıb.

Baş nazir "Dördüncü Respublika"nın "Üçüncü Respublika"dan əsas fərqinin münaqişənin olmaması olduğunu deyib.

Onun sözlərinə görə, münaqişə siyasəti nəticəsində ölkə əhalisinin köçü sürətlənib, Ermənistan zəifləyib, keçmiş hakimiyyət dairələri isə "Böyük Ermənistan" ideyasından istifadə edərək ölkəni talayıb.

Paşinyan məhkəmə sisteminin də oliqarxiyanın təsirindən azad edilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, yeni Konstitusiyanın məqsədlərindən biri məhkəmə sistemini yenidən xalqa qaytarmaqdır.

"Yeni Konstitusiyanın qəbulu ilə dövlət və sülh xalqa qaytarılacaq"

2018-ci ildə baş verən Məxməri inqilab nəticəsində hakimiyyətin xalqa qaytarıldığını bildirən Paşinyan yeni Konstitusiyanın qəbulu ilə dövlətin və sülhün də xalqa qaytarılacağını deyib.

Baş nazir layihənin 8-ci maddəsində xarici siyasətin əsas məqsədinin sülhün təmin edilməsi kimi müəyyənləşdirildiyinə diqqət çəkib. Onun sözlərinə görə, bu, 1990-cı il Müstəqillik Bəyannaməsində əks olunan münaqişə məntiqindən imtina deməkdir.

Paşinyan Ermənistanın gələcək inkişaf istiqamətləri ilə bağlı hədəflərini də açıqlayıb:

"Məqsədimiz Ermənistanı "Sülh kəsişməsi"nə çevirməkdir. Eyni zamanda ölkəmizi dövlət sərhədlərinin və beynəlxalq səviyyədə tanınmış ərazilərinin toxunulmazlığını müstəqil şəkildə qoruya biləcək orduya malik dövlətə çevirmək istəyirik".

"Azərbaycanla sülh sazişini imzalamaq və ratifikasiya etməklə kifayətlənməyəcəyik"

Qarabağ məsələsi ətrafında əvvəlki danışıqlar prosesinin və Azərbaycanla mövcud münaqişənin Ermənistanı dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qoyduğunu bildirən Paşinyan yeni Konstitusiyanın qəbulundan sonra sülhün institusional əsaslarla təmin ediləcəyini vurğulayıb.

"Yeni Konstitusiyanın qəbulundan sonra biz Azərbaycanla sülh sazişini imzalamaq və ratifikasiya etməklə kifayətlənməyəcəyik, eyni zamanda institusionallaşmış, daimi və geri dönməz sülhə də sahib olacağıq. Bu, həm sülhə, həm müstəqilliyə, həm də dövlətçiliyə sahib olacağımız üçün misilsiz və tarixi hadisə olacaq", - deyə o bildirib.

Paşinyan qeyd edib ki, əvvəllər sülh və dövlətçilik bir-birinə zidd seçimlər kimi təqdim olunurdu. Lakin hazırda Ermənistan həm sülhə, həm də müstəqilliyə sahib olmaq imkanı əldə edib.

Layihə rədd edilərsə, istefa verəcək, qəbul olunarsa, növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək

Baş nazir müxalifətin bu prosesi əngəlləməyə çalışdığını iddia edərək, onları Konstitusiya layihəsinin referendum yolu ilə xalqın müzakirəsinə və səsverməsinə çıxarılmasına mane olmamağa çağırıb.

Paşinyan referendumda yeni Konstitusiya layihəsi rədd ediləcəyi təqdirdə baş nazir vəzifəsindən istefa verəcəyini, layihə qəbul olunacağı halda isə növbəti parlament seçkilərində baş nazirliyə namizədliyini irəli sürməyəcəyini açıqlayıb.

Paylaş:
36

Son xəbərlər

Bütün xəbərlər