Bu ilin 10 ayında qatarlara 26 dəfə daş atılıb

2026-cı ilin ilk 10 ayında Azərbaycan Dəmir Yollarının (ADY) qatarlarına 26 daşatma hadisəsi qeydə alınıb.
1news.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə belə hadisələrin sayı təxminən 40% azalıb. Bununla belə, qurumun əsas hədəfi tam təhlükəsiz nəqliyyat sisteminin təmin edilməsidir.
Qeyd olunub ki, qatarlara daş atılması vaqonların şüşələrinə və digər hissələrinə ziyan vurmaqla yanaşı, sərnişinlərin, maşinistlərin və qatar bələdçilərinin həyat və sağlamlığı üçün təhlükə yaradır. Bu cür hallar, həmçinin qatarların hərəkətində gecikmələrə səbəb olur, sərnişin və yük daşımalarının fasiləsizliyinə mənfi təsir göstərir.
ADY-nin məlumatına görə, aşkarlanmış faktlarla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat verilib. Hər bir fakt üzrə müvafiq araşdırma aparılaraq hüquqi məsuliyyət tədbirləri görülüb.
Vurğulanıb ki, qatarlara daş atan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb oluna, həmçinin vurduqları maddi ziyanı ödəməli ola bilərlər.
ADY dəmir yolu ərazisində təhlükəsizliyə təhdid yaradan hallarla qarşılaşan şəxsləri DİN-in "102" Zəng Mərkəzinə və qurumun "1822" Əlaqə Mərkəzinə məlumat verməyə çağırıb.











