Ev təsərrüfatlarının elektron uçotu: Bu, dövlətin iqtisadi qərarlarına necə təsir göstərəcək? - ŞƏRH

Noyabrın 23-dən 26-dək Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkənin 14 iqtisadi zonasında ev təsərrüfatlarının uçotunu aparacaq şəxslər üçün təlimlər keçirilir.
Təlimlərdə Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı nazirliklərinin və Dövlət Statistika Komitəsinin mütəxəssisləri təlimçi qismində iştirak edirlər. Ümumilikdə yerli icra hakimiyyəti orqanlarının, aidiyyəti dövlət qurumlarının nümayəndələri və qeydiyyatçılar olmaqla, 6 mindən çox şəxsin təlimlərə cəlb olunması nəzərdə tutulur. Təlimlərin əsas məqsədi uçotun yeni qaydalarını izah etmək, məlumatların tamlığını və dəqiqliyini təmin etmək, eləcə də qeydiyyatçıların planşetlərdən və elektron informasiya sistemindən istifadə bacarıqlarını artırmaqdır.
Ev təsərrüfatlarının uçotunda əsas yenilik 2027-ci ildən etibarən prosesin ilk dəfə tam elektron qaydada aparılması olacaq.
Belə ki, uçot “mygov” platformasında yaradılmış “Ev təsərrüfatları” altsistemi vasitəsilə həyata keçiriləcək, toplanan məlumatlar vahid informasiya sistemində cəmləşdirilərək Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunacaq. Bu yenilik vətəndaşlara öz ev təsərrüfatlarına dair məlumatlarla “bir pəncərə” prinsipi əsasında tanış olmaq imkanı yaratmaqla yanaşı, dövlət informasiya sistemlərində mövcud olan məlumatların təkrar tələb edilməsinin də qarşısını alacaq. Nəticədə uçot prosesinin daha operativ və şəffaf təşkili, məlumatların etibarlı şəkildə toplanması və istifadəsi təmin olunacaq. Fərdi məlumatların işlənməsi və mühafizəsi isə “Fərdi məlumatlar haqqında” Qanunun tələblərinə uyğun həyata keçiriləcək.
Məsələ ilə bağlı 1news.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli deyib ki, ev təsərrüfatlarının elektron uçotu ölkənin sosial-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
O bildirib ki, bu proses əhalinin sosial-iqtisadi vəziyyətinin daha dəqiq qiymətləndirilməsinə, iqtisadi siyasətin hədəfli şəkildə formalaşdırılmasına və regionların tarazlı inkişafına töhfə verəcək.
“Ev təsərrüfatlarının uçotunun elektron qaydada aparılması ölkə əhalisinin sosial-iqtisadi vəziyyətinin daha dəqiq müəyyənləşdirilməsinə imkan yaradacaq. Bu proses nəticəsində formalaşacaq məlumat bazası gələcəkdə iqtisadi risklərin qiymətləndirilməsi, sosial siyasətin düzgün planlaşdırılması və əhalinin ehtiyaclarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyacaq. Eyni zamanda, əldə edilən məlumatlar regionların sosial-iqtisadi inkişaf səviyyəsini təhlil etməyə və onların mövcud potensialını üzə çıxarmağa imkan verəcək. Beləliklə, regionların inkişafı ilə bağlı qərarların daha etibarlı statistik göstəricilər əsasında qəbul edilməsi mümkün olacaq”.
O qeyd edib ki, elektron uçot regionlara investisiyaların yönəldilməsi və onların iqtisadi potensialının qiymətləndirilməsi baxımından da əhəmiyyətlidir.
“Bu məlumatlar regionlara yönəldilən investisiyaların daha səmərəli planlaşdırılmasına, yerli iqtisadi potensialın araşdırılmasına və özünüməşğulluq imkanlarının qiymətləndirilməsinə ciddi dəstək verəcək. Hər bir regionun əmək resursları, gəlir mənbələri və iqtisadi fəallıq səviyyəsi barədə dəqiq məlumatların olması həmin ərazilərin xüsusiyyətlərinə uyğun inkişaf proqramlarının hazırlanmasına şərait yaradacaq. Nəticədə investisiya siyasətində mövcud ehtiyaclar və iqtisadi imkanlar daha düzgün nəzərə alınacaq. Bu da regionlar arasında sosial-iqtisadi inkişaf fərqlərinin azaldılmasına xidmət edə bilər”.
İqtisadçı vurğulayıb ki, ev təsərrüfatlarının gəlirləri barədə dəqiq məlumatların əldə olunması sosial müavinətlərin təyin edilməsində də mühüm rol oynayacaq.
“Elektron uçot ailələrin gəlir və xərcləri barədə daha dolğun məlumat əldə etməyə, sosial dəstəyə həqiqətən ehtiyacı olan şəxslərin müəyyənləşdirilməsinə imkan verəcək. Bu, ünvanlı sosial yardımın və digər müavinətlərin təyin olunması zamanı daha obyektiv qərarların qəbuluna şərait yaradacaq. Eyni zamanda, müəyyən iqtisadi göstəricilərin avtomatlaşdırılmış qaydada təhlili mümkün olacaq ki, bu da qərarların qəbulunda subyektiv amillərin və mümkün yanlışlıqların azalmasına kömək edəcək. Belə bir sistem ailə büdcələrinin formalaşması və ev təsərrüfatlarının maliyyə vəziyyətinin qiymətləndirilməsi baxımından da əhəmiyyətlidir”.
E.Kərimli əlavə edib ki, elektron uçot ölkənin makroiqtisadi göstəricilərinin daha dəqiq hesablanmasına və dövlət resurslarından səmərəli istifadəyə də imkan verəcək.
“Əhalinin gəlirləri, istehlak xərcləri, məşğulluq vəziyyəti və digər sosial-iqtisadi göstəricilər barədə etibarlı məlumatların mövcudluğu iqtisadi proseslərin daha obyektiv qiymətləndirilməsinə şərait yaradır. Bu məlumatlar dövlət vəsaitlərinin daha səmərəli bölüşdürülməsinə, izafi xərclərin qarşısının alınmasına və iqtisadi resurslardan düzgün istifadəyə kömək edə bilər. Nəticə etibarilə, elektron uçot gələcəkdə daha dəqiq, əsaslandırılmış və hədəfli iqtisadi-sosial siyasətin həyata keçirilməsi üçün mühüm informasiya bazası formalaşdıracaq”.










