Elektron uçot sosial yardımların daha ünvanlı olmasına necə kömək edəcək? - Deputatdan AÇIQLAMA | 1news.az | Xəbərlər
Mövqe

Elektron uçot sosial yardımların daha ünvanlı olmasına necə kömək edəcək? - Deputatdan AÇIQLAMA

Qafar Ağayev10:09 - Bu gün
Elektron uçot sosial yardımların daha ünvanlı olmasına necə kömək edəcək? - Deputatdan AÇIQLAMA

Azərbaycanda ev təsərrüfatlarının uçotunun aparılması qaydalarında yeni mərhələyə keçid gözlənilir.

2027-ci ildən etibarən bu prosesin ilk dəfə tam elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur. Hazırda isə yeni sistemin tətbiqinə hazırlıq işləri aparılır. Belə ki, noyabrın 23-dən 26-dək Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkənin 14 iqtisadi zonasında ev təsərrüfatlarının uçotunu aparacaq şəxslər üçün təlimlər keçirilir. Təlimlərə 6 mindən çox şəxsin cəlb olunması planlaşdırılır.

Yeni sistem çərçivəsində uçotun «mygov» platformasında yaradılan xüsusi altsistem vasitəsilə aparılması, toplanan məlumatların isə vahid informasiya sistemində cəmləşdirilməsi nəzərdə tutulur. Bu dəyişiklik təkcə uçot prosesinin elektronlaşdırılması deyil, həm də dövlət qurumları arasında məlumat mübadiləsinin təkmilləşdirilməsi və vətəndaşlardan eyni məlumatların təkrar tələb edilməsinin qarşısının alınması baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, elektron uçotun tətbiqi məlumatların dəqiqliyi, şəffaflığı və operativliyi ilə bağlı yeni imkanlar yarada bilər.

Bəs ev təsərrüfatlarının uçotunun tam elektronlaşdırılması hansı üstünlükləri vəd edir? Yeni sistem dövlət idarəçiliyində məlumatların toplanması və istifadəsinə, eləcə də vətəndaşların gündəlik həyatına necə təsir göstərəcək?

Vüqar Bayramov

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablandıran Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, ev təsərrüfatlarının elektron uçot sisteminin yaradılması onların ehtiyaclarının daha dəqiq öyrənilməsi və bu məlumatlar əsasında iqtisadi və sosial siyasətin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

O bildirib ki, ev təsərrüfatlarının uçotu əvvəllər də aparılıb və bu məlumatlardan müxtəlif dövlət proqramlarının icrasında, o cümlədən ünvanlı dövlət sosial yardımının və kənd təsərrüfatı subsidiyalarının müəyyənləşdirilməsində istifadə olunub:

«Əslində, ev təsərrüfatlarının uçotunun aparılması yeni proses deyil. Belə ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi, subsidiyaların ayrılması və digər istiqamətlərdə bu məlumatlara ehtiyac var idi. Məsələn, ünvanlı sosial yardımın məbləğinin müəyyənləşdirilməsi və ayrılması üçün ev təsərrüfatlarının vəziyyəti barədə məlumatların olması vacibdir. Eyni zamanda, kənd təsərrüfatı subsidiyalarının verilməsində istehsal və daşınmaz əmlakla bağlı məlumatlar da mühüm rol oynayır».

Deputatın sözlərinə görə, yeniliyin əsas mahiyyəti mövcud uçot mexanizminin elektronlaşdırılması və məlumatların vahid platformada toplanmasıdır:

«Artıq söhbət “mygov” platforması üzərindən, “bir pəncərə” prinsipi əsasında məlumatların elektronlaşdırılmasından gedir. Bu, həm də hansı ailələrin sosial dəstəyə daha çox ehtiyac duyduğunu müəyyənləşdirməyə imkan verəcək. Nəticədə sosial dəstək tədbirlərinin daha ünvanlı şəkildə həyata keçirilməsi mümkün olacaq. Eyni zamanda, aqrar sektorda uçot sisteminin təkmilləşdirilməsi və buna uyğun olaraq güzəştlərin əhatə dairəsinin genişləndirilməsi üçün əlavə imkanlar yaranacaq».

Vüqar Bayramov qeyd edib ki, elektron uçot sisteminin tətbiqi ev təsərrüfatlarının fəaliyyətinə müdaxilə kimi qiymətləndirilməməlidir:

«Burada bir tərəfdən prosesin elektronlaşdırılmasından söhbət gedir. Elektron sistemin tətbiqi məlumatların toplanması və emalı prosesində şəffaflığı artırmaqla yanaşı, müxtəlif müdaxilə imkanlarını da minimuma endirir. Digər tərəfdən, əsas məqsəd ev təsərrüfatlarının, xüsusilə də sosial dəstəyə ehtiyacı olan ailələrin müəyyənləşdirilməsi və regional siyasətin real ehtiyaclara uyğun həyata keçirilməsidir. Məlumatların elektronlaşdırılması gələcəkdə bu məlumatlar əsasında müxtəlif proqramların, xüsusilə də aktiv sosial proqramların daha səmərəli icrasına imkan yaradacaq»._

Paylaş:
46

Son xəbərlər

Bütün xəbərlər