Səfir: "Küveytlilər Azərbaycanda daşınmaz əmlaka kapital qoymaq istəyir, amma..."
Küveyt Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Ruminin 1news.az-a müsahibəsi
-Cənab səfir, Azərbaycanla-Küveyt arasında əlaqələrin hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?
-Azərbaycan və Küveyt arasında münasibətlər çox yüksək səviyyədədir. Azərbaycan Küveyt üçün mühüm bir dövlətdir. Bu əlaqələrdən danışanda ilk növbədə mərhum Əmirimiz Şeyx Cabir əl- Sabah və mərhum Prezident Heydər Əliyev arasında olan dostluq əlaqələrini qeyd etmək lazımdır.
2009-cu ildə Prezident İlham Əliyev Küveytə rəsmi səfər edib. Həmin səfər çox uğurlu və dəyərli bir səfər idi. Prezident İlham Əliyevlə Əmir Şeyx Sabah əl- Əhməd əs-Sabahla görüşdə mühüm nailiyyətlər əldə olunmuşdu. Ölkələrimiz arasında bir çox sahələrdə ikitərəfli sazişlər imzalanıb. Hazırda biz Küveytin Əmirinin Azərbaycana gəlməsini gözləyirik. Səhhəti ilə bağlı gələ bilməsə, onu əvəz edən birinci şəxsin Azərbaycana səfəri nəzərdə tutulub. Amma məlum olduğu kimi bizim bölgədə vəziyyət qənaətbəxş deyildi. Ona görə də səfərin reallaşması bir az uzana bilər. Hər iki ölkənin birinci şxslərnin, yaxud yüksək səviyyəli rəsmilərinin, qarşılıqlı səfərləri Azərbaycan və Küveyt arasında dostluq əlaqələrinin, müxtəlif sahələrdə münasibətlərin inkişafına müsbət təsir göstərir.
- Əmiri, yaxud onu əvəz edəcək şəxsin Azərbaycana səfəri bu il reallaşa bilərmi və səfər zamanı hansısa sənədlərin imzalanması gözlənilir?
-Azərbaycanla Küveyt arasında artıq bir çox sahələrdə müqavillər imzalanıb. Elə müqavilə var ki beş il bundan qabaq imzalanıb. Əmirin, yaxud onu əvəz edəcək şəxsin Azərbaycana gəlişinin məqsədi əsasən iki ölkə arasında olan dostluq əlaqələrinin daha da möhkəmlənməsi məqsədini daşıyır. Artıq 2017-ci ilin sonuna yaxınlaşırıq, yəqin ki, bu səfər 2017-ci ildə baş tutacaq. Burda əsas çətinlik Körfəz ölkələrində olan indiki vəziyyətdir.
“Əvvəllər Türkiyəyə gedən küveytli turistlər artıq Azərbaycana gəlməyə başlayıblar”
Ölkələrimiz arasında son illər turizm sahəsində əlaqələr də inkişaf edib. Hazırda Azərbaycan və Küveyt arasında birbaşa təyyarə reysləri fəaliyyət göstərir. Bu reyslər həftədə 5 dəfə həyata keçirilir. İki hava yolu var - Əl-Cəzirə və Əl- Vataniya(Wataniya Airways). Hər ikisi həftədə iki dəfə uçuşlar təşkil edir. AZAL isə həftədə bir dəfə uçuşlar həyata keçirir. Bu da Küveyt vətəndaşlarının, turistlərinin Azərbaycana gəlişini çox asanlaşdırıb.
Bu il ərzində Küveytdən Azərbaycana gələn turistlərin sayı artıb. Onlar Bakı ilə yanaşı regionlarda, o cümlədən Quba, Qəbələdə olublar. Həm gəziblər, həm də alışveriş ediblər. Azərbaycan turizm imkanları baxımından fərqli bir ölkədir. Azərbaycanın gözəl havası, təbiəti, gülərüz, xoşxasiyyətli insanları turistləri özünə cəlb edir. Ötən illər Türkiyəyə üz tutan turistlərin çoxu artıq bu ildən Azərbaycana gəlməyə başlayıblar.
-Bəs azərbaycanlıların Küveytə marağı necədir? Turist kimi səfər edənlər var?
- Küveyt turizm ölkəsidir. Amma indi bizim ölkədə havanın tempuraturu çox yüksək olur. 40-60 dərəcə arası dəyişir. Yalnız Küveytdə deyil, digər körfəz ölkələrindən də belədir. Bu cür isti havada ora getmək də münasib deyildi. Ən yaxşı vaxt noyabr-mart aylarıdır. Azərbaycandan bir çox iş adamları tez-tez Küveyti ziyarət edirlər. Həminin, Küveytin iş adamları da son vaxtlar Azərbaycana səfərlər edirlər. Küveytdə təşkil olunan beynəlxalq sərgidə bütün ölklərdən olan iş adamları öz sənaye məhsullarını nümayiş etdirə bilirlər. Azərbaycanın Küveytdəki səfiliyi vasitəsilə sizin iş admları da iştirak edib, məhsullarını tanıda bilirlər.
-Küveytdən olan turistlərin Azərbaycandan razı və narazı qaldıqları hansı məqamlar var?
“İndiyə kimi narazılıq eşitməmişəm”
-Bizim ölkəmizdən turistlər adətən qrup şəklində gəlirlər. Beş günlük, yaxud bir həftəlik. Turistlər Bakıya gəlir, daha sonra Qəbələyə, yaxud digər regionlara gedirlər. Onlar hamısı Azərbaycandan razı qayıdırlar. İndiyə kimi narazılıq eşitməmişik. Həmçinin, birbaşa reyslərin açılmasından sonra 1 saat 50 dəqiqəyə Küveytə çatırlar. Əvvəllər mən özüm digəır xarici ölkələrdən Dubay, Qətər vasitəsilə gedirdim və hardasa tranzitlə birgə 7 saata başa gəlirdi. İndi isə iki saatdan az vaxta çatırıq və bu bizim üçün olduqca rahatdır. Bura çoxu ailə ilə gəlir. Yaxşı da istirahət edirlər. Restoranlarınız, Azərbaycanın zəngin mətbəxi küveytlilərin çox xoşuna gəlir. Ticarət mərkəzləri, insanların turistə olan münasibəti də çox yaxşıdır.
-Özünüzün turistlərə məsləhət gördüyünüz yerlər var?
-Biz səfirlik olaraq turistlər üçün məlumat hazırlamışıq. Həmin məlumat vasitəsi muzeyləri, tarixi məkanları, restoranları, ticarət mərkəzlərini, bazarları əhatə edir. Yəni məsləhət olunan yerlərin hamısını qeyd etmişik. Həmin məlumat vasitəsini turistə təqdim edirik, o da baxır, dəyərləndirir. Elə turist var ki, marağı qədim tarixi yerləri görməkdir,e ləsi var alışverişdə maraqlıdır. Yəni turistlər özləri seçirlər.
-Bayaq qeyd etdiyiniz birbaşa reyslər davamlı olacaq, yaxud mövsümlə əlaqədardır?
Küveyt-Bakı-Tbilisi reysi nəzərdən keçirilir
-Bildiyimə görə, Əl-Vataniya Hava Yolları davamlı olacaq. Hazırda bu hava yolları Bakıdan Tbilisiyə reyslərin reallaşdırılmasını araşdırır. Bunun sərfəli olub- olmayacağı nəzərdən keçirilir. Yəni əl- Botaniyə davamlı olacaq. Əl- Cəzirəyə gəlincə, hələlik bilmirəm. Elə turist var ki, qış aylarında gəzmək istəyir, indi bütün reyslər dolu gəlir yəni bilet tapa bilmirik.
-İki ölkənin iqtisadi sahədə ümumi əməkdaşlığını necə qiymətləndirirsiniz?
-Bir müddət əvvəl keçirilən Küveyt-Azərbaycan hökumətlərarası birgə komissiyanın iclasında ölkəmizin maliyyə və ticarət nazirliyi ilə Azərbaycanın iqtisadiyyat, maliyyə nazirlikləri arasında görüşlər keçirilmişdi. Orda bir çox məsələlər müzakirə olunub. Həmin iclasın davamı olaraq Küveytdə birgə komissyanın iclası keçiriləcək. Həmin iclasda iki ölkənin xarici işlər nazirləri iştirak edəcək. İclasda bir çox məsələlərin öz həllini tapacağını gözləyirik. İclas bölgədə vəziyyət sabit olmadığı üçün təxirə salınıb və dəqiq tarix hələlik bəlli deyil.
Küveytdə iş adamlarından biri Qəbələdən şirələr aparır. Küveytin iri marketlərindən birində onun satışı həyata keçirilir. Əvvəl dəniz yolu ilə yüklərin aparılması həm kömrük rüsumları, həm vaxt baxımından çox çətin idi. Lakin indi birbaşa reyslərin açılmasından sonra bu işdə asanlaşacaq və ticarət sahəsində əlaqələ.rin inkişafına səbəb olacaq.
Küveytlilər daşınmaz əmlaka kapital qoymaq istəyir, amma...
-Turizmdən başqa, qeyri-neft sektorunun hansı sahələrində Azərbaycanla əməkdaşlıq Küveyt üçün maraqlıdır?
-İkinci bir sahə kimi daşınmaz əmlaka kapital qoylşunu qeyd edə bilərəm. Yəni evlərin, torpaq sahələrinin alınması. Amma burada bəzi çətinliklər var. Onların yəqin ki, yaxın zamanlarda həllinə nail olacağıq. Bir çox Küveyt vətəndaşları Azərbaycanda daşınmaz əmlak sahəsinə kapital qoymaq istəyir. Ölkədən ölkəyə daşınmaz əmlak sahəsində olan qanunlar dəyişir və fərqli olur. Azərbaycanda əsas çətinlik budur ki, əcnəbi vətəndaş həmin evi alır, amma onun sahibinə çevrilə bilmir. İnsanlar həm qiymət baxımından, həm də tez-tez gedib gəlməyə görə bina evlərinə daha çox üstünlük verirlər. Mən digər xarici ölkələrin səfirləri ilə birgə “DREAMLAND” ərazisidə olduq. Orda çox gözəl binalar, villalar var. Yüksək səviyyədə tikilib. Çox xoşumuza gəldi. Küveytdəki qardaşlarımız da soruşanda, həmin binaları tövsiyə edirik. Qitmətləri də təqdim etmişik.
-Azərbaycanda daşınmaz əmlak alan küveytlilər var?
-Bəli, alanlar var. Amma öz adlarına rəsmi qeydiyyatdan keçirə bilmirlər, hansısa şirkət tərəfindən qeydiyyatdan keçirilməlidir.
- Daşınmaz əmlaka sahib olmaq üçün mövcud olan çətinliklərin aradan qaldırılması müzakirə olunur?
-Bəli, müzakirə olunur. Burda ev alana bir aylıq qalma vizası verirlər. Bu, kifayət deyil. Bir aydan sonra adam ölkədən çıxmalı və yenidən qayıtmalıdır. Biz çalışırıq ki, bu heç olmasa 3-6 ay olsun. Çünki ailə ilə gələndə Azərbaycanda yayda bir ay qalmaq kifayət etmir. Yəni gəlirsə, burda bir müddət qalmalıdır. Turist kimi gəlirsə, 20 gün, bir ay qala bilər. Amma burda öz mülki varsa, ona bir ay bəs etmir.
- Həmin çətinliklərin aradan qaldırılacağına inanırsınız?
- İnşallah, buna ümid edirik.
- Cənab səfir, “Made in Azerbaijan” brendi altında məhsullar Küveyt bazarlarına çıxarılırmı və bu məhsullara maraq necədir?
-Azərbaycan şirələri Küveytin ən iri marketində satılır. Ölkəmizin ət məhsullarına böyük ehtiyacı var. Quzu, qoyun ətinin Küveytə aparılması ilə bağlı artıq iş adamları müzakirələr aparırlar. Əvvəl nəqliyyat sahəsində çətinlik olduğu üçün məhsullar neçə gün yolda qalmalı idi. Amma artıq nəqliyyat işi asanlaşıb.
- Sizin də vurğuladığınız kimi hazırda Körfəz regionunda böhran yaşanmaqdadır. Küveyt bu məsələdə vasitəçilik edir. Siz bu vasitəçiliyin bir nəticəyə gətirəcəyinə inanırsınız? Qətərə təqdim edilmiş şərtlər barədə nə deyə bilərsiniz?
-İnşallah, bu böhran öz həllini tapacaq. Çünki Körfəz ölkələri-Səudiyyə Ərəbistanı, Qətər, Küveyt- biz bir qandan, bir nəsildən ailədənik. Səudiyyəli küveytli ilə evlənir, küveytli qətərli ilə evlənir, bizi bölmək, yaxud ayırmq mümkün deyil. Bu məsələ öz həllini tapacaq. Cəhdlərimizdən nəticə verənlər var. Şərtlərə gəlincə, bu, onların arasında olan böhrandır və biz bunu qiymətləndirəbilmərik, yalnız məsələnin həll olunmasına çalışa bilərik.
Pərvanə Sultanova