Hikmət Çətin: Qlobal Gənc Liderlər Forumu üzləşdiyimiz problemlərin həllinə töhfə verəcək
Qlobal Gənc Liderlər Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin reallaşdırdığı önəmli tədbirlərdən biridir. Gələcəyə baxmaq, problemlərin həllinə müxtəlif baxışlardan, nöqteyi-nəzərlərdən yanaşmaq lazımdır.
Bu gün dünyamız bir çox problemlərlə qarşılaşıb. Elə problemlər var ki, həllini tapmayıb. Müharibələr, eləcə də etnik, məzhəb qarşıdurmaları mövcuddur. Bəzi həll olunmamış problemlər var ki, onların həllində ümid gənclərədir. Ona görə də gənclərə yol açmaq, onların gələcək liderlər kimi proseslərdə fəal iştirakına şərait yaratmaq çox önəmlidir.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri müsahibəsində Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin söyləyib.
Sabiq nazir deyib:
“Qlobal Gənc Liderlər Forumu dünyanın hər yerindən - Afrikadan, Asiyadan, Amerikadan, Avropadan gəncləri bir araya gətirərək onlara mühüm problemləri müzakirə etmək imkanı yaradır. Daha yaxşı dünyanı qurmaq üçün nə etmək lazımdır? Dünyanın gələcəyi gənclərə bağlıdır. Gənclərin bacarığına inanıram. Bu baxımdan Qlobal Gənc Liderlər Forumu üzləşdiyimiz problemlərin həllinə böyük töhfə verəcək. Bu Forum həm Azərbaycan, həm bölgə, həm də dünya üçün çox önəmlidir”.
S.Xankişiyeva