Azərbaycan ilə Britaniya arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkədə səfərdə olan Britaniya parlamentinin deputatları Yasmin Qureshi, Graham Jons, Faysal Rəşid və Məhəmməd Yasin ilə görüşüb.
1news.az-a Səfirlikdən verilən xəbərə görə, Parlamentarilərin Azərbaycan səfirliyini ziyarət etmələrindən məmnunluğunu bildirən Əli Əlizadə ölkəmizin Britaniya ilə mövcud olan dostluq və əməkdaşlıq əlaqələrindən söhbət açıb. Bildirib ki, bu əlaqələrdə parlamentlərarası münasibətlərin xüsusi rolu var. Səfir parlamentlərarası dostluq qrupunun fəaliyyətinin və tərkibinin daha da genişləndirilməsinin önəmini vurğulayıb.
Britaniya ilə olduğu kimi, Azərbaycana yaxın dost və qardaş ölkə Pakistan ilə ölkəmizin xüsusi münasibətlərinin olduğunu bildirən səfir Ə.Əlizadə hər iki ölkənin rəhbərlərinin müsbət töhfələri ilə inkişaf edən Azərbaycan-Pakistan əlaqələri haqqında da məlumat verib. Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyini, işğalçı Ermənistanı bir dövlət kimi tanımadığını qeyd edib. Səfir parlamentarilərə Dağlıq Qarabağ münaqişəsi, eləcədə Ermənistanın davam edən təcavüzkar siyasəti haqqında danışıb. Dağlıq Qarabağ kimi, Kəşmir münaqişəsinin də həllinin regionda sülh və sabitliyinin bərpa olunmasına müsbət töhfə verəcəyini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsinin zəruri olduğunu bildirən Ə.Əlizadə, beynəlxalq ictimaiyyətin təcavüzkar Ermənistana təzyiq göstərməsi zəruriliyini vurğulayıb.
Parlamentarilər Birləşmiş Krallığın və Pakistanın Azərbaycan ilə olan səmərəli əməkdaşlığından məmnunluqlarını ifadə edib, bu əlaqələrin, xüsusən parlamentlərarası münasibətlərin, dostluq qruplarının fəaliyyətinin daha da fəallaşdırılmasının önəmini vurğulayıblar. Onlar mümkün olan ilk fürsətdə Azərbaycana səfər edəcəklərini də bildiriblər.
S.Xankişiyeva