Mübariz Əhmədoğlu: Hoqlandın rəsmi bəyanatına Ermənistanın reaksiyası onun çoxdan təslim mövqeyində olduğunu göstərdi
R.Hoqlandın ortalığa qoyduğu varianta Ermənistan rəsmilərinin, o cümlədən ictimai-siyasi mühitin verdiyi reaksiya Ermənistanda təslimçi əhval-ruhiyyənin hökm sürdüyünü sübut etdi. Biz kompromis mühit deyil, təslimçi mühit deyirik.Çünki ermənilər könüllü şəkildə kompromisə razı olsaydılar çoxdan Dağlıq Qarabağ məsələsi həllini tapardı.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Hoqlandın rəsmi bəyanatı və Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsilə bağlı açıqlmanı şərh edərkən bildirib:
Ermənistanın indiki mövqeyi həmsədrlər, Azərbaycan və digər iştirakçıların təsiri ilə formalaşmış mövqedir. Ona görə Ermənistan kompromisə gəlmir, təslim olur. Ermənistanda R.Hoqlandın fikirlərinə dair səslənmiş şərhləri qruplaşdırmağa cəhd edək:
“Hoqland yeni heç nə deməyib. 2009-cu il Yenilənmiş Madrid Prinsiplərini yeni sözlərlə təqdim edib”:-ER Xİ naziri E.Nalbandyan da daxil olmaqla bir sıra erməni rəsmiləri, o cümlədən DQ-nin “xarici işlər naziri” K.Mirzəyan və bir qrup ekspert.
R.Hoqlandın bəyanatının Ermənistanda kəskin reaksiya yaratmamasının səbəbi bəlli deyil. Bəlkə də bu kəskin reaksiya RF-in strategiyasına o qədər də uyğun deyil. Bir neçə KİV
Hoqlandın sözləri vəzifədən gedən diplomatın sözləri olsa da, bu ona diqqəti azaltmır. Hoqland RF də daxil olmaqla hamıya mesaj göndərdi. S.Minasyan, politoloq
“Hoqlandın səsləndirdiyi mövqe Ermənistanın maraqlarına cavab verir. Çünki Dağlıq Qarabağın statusunun müəyyən olunması birinci yerdədir”:-Stepan Qriqoryan, Qloballaşma və Regional Əməkdaşlıq mərkəzinin rəhbəri. Onun fikrincə, əgər yalnız Rusiya Dağlıq Qarabağ tənzimlənməsi ilə məşğul olsa, Ermənistan Dağlıq Qarabağı uduzacaqdır.
“Vəzifəni tərk edən amerikalı həmsədr R.Hoqlandın Dağlıq Qarabağ tənzimlənməsi üzrə səsləndirdiyi variant erməni tərəfi üçün alçaldıcıdır”:- Stepa Safaryan, Beynəlxalq Məsələlər və Təhlükəsizlik İnstitutunun təsisçisi, politoloq.
“Bir vaxtlar Kazanda Azərbaycan hətta Ermənistan üçün biabırçı olan variantdan imtina etdi. Təcrübə göstərir ki, indi hətta Ermənistan razılaşsa da belə Azərbaycan razılaşmayacaq. Əliyev öz cəmiyyəti üçün hədsiz yuxarı planka müəyyənləşdirib”:- Stepa Safaryan, Beynəlxalq Məsələlər və Təhlükəsizlik İnstitutunun təsisçisi, politoloq.
“Ətraf ərazilər məsələsi ağrılı qəbul olunur. Amma onun müzakirəsi olmadan sülh olmayacaq”:-Riçard Kirakosyan, Regional Tədqiqatlar Mərkəzinin rəhbəri.
“ATƏT MQ-nin keçmiş həmsədri R.Hoqlandın Qarabağ tənzimlənməsi barədə bəyanatı daha çox şəxsi xarakterlidir. Ona ciddi və əhəmiyyətli bəyanat kimi yanaşmaq olmaz. Qarabağ üzrə ciddi bəyanatlar ATƏT MQ həmsədrlərinin birgə bəyanatlarıdır”:-Muşeq Xudaverdiyan, türkoloq.
“Postbipolyar dünyada ATƏT kimi qurumlar münaqişələrin tənzimlənməsi ilə məşğul olmur. Onların dəqiq oyun qaydaları yoxdur. Hər şey xaotikdir. Ona görə bütün belə bəyanatların (Hoqlandın bəyanatı nəzərdə tutulur) heç bir qiyməti yoxdur və onları təhlil etməyin heç bir mənası yoxdur. Ermənistanın milli maraqlarının müdafiəsi üçün lazım olan addımları lazım olan vaxtda atmağa daim hazır olmaq lazımdır. Bu gün daha vacib suala cavab tapmaq zəruridir: Nə üçün ABŞ hər hansı ərazilərin qaytarılmasında de-fakto maraqlı deyil və erməni dünyası indiki administrasiya ilə Pens-Mettis-Makmaster-Kelli-Pompeodan ibarət güc blokunun möhkəmləndirilməsi istiqamətində necə iş aparmalıdır”:-Areq Qalstyan “The Armenian İnterest” mərkəzinin rəhbəri, Amerikaşünas, “Forbes”, “The National İnterest” və “Rusiya Qlobal siyasətdə” jurnallarının kolumnisti.
Bir neçə gün sonra Areq Qalstyan “Mən erməniyəm” adlı deklamasiyasını yaydı. A. Qalstyan bu deklamasiyasında “erməniyə yalnız bir döyüş-Ermənistan uğrunda döyüşün lazım olduğunu” bildirdi. Xoqlandın Dağlıq Qarabağla fikirlərinə sərt reaksiyasını unutdu. “Naxçıvan” mövzusu A.Qalstyanın arealında aktual deyil. Bu da erməni hiyləgərliyindən başqa bir şey deyil. Əməkdaşlıq etdiyi Qərb strukturları A.Qalstyanın mövqeyini dəyişdi. Əksər erməni siyasətçiləri belədir. Yoxlamaq lazımdır.
“Amerikalı həmsədr R.Hoqlandın bəyanatı bizi axmaq yerinə qoyan tamamilə qeyri-məqbul və iflasa məhkum mövqedir”:- A.Abramyan, Amerika ermənilərinin milli komitəsinin icraçı direktoru.
Hoqlandın 6 maddəsi narahatlıq üçün əsas yaratmır. Belə təkliflər əvvəllər də səslənmişdi. Yeni heç nə yoxdur. Əvvəllər Zəngəzuru verməyi təklif edirdilər. Amma belə məsələlər Qarabağ cəmiyyətində həll olunur...Kazan sənədində təkcə ərazilər deyil, bütün Qarabağın Azərbaycanın tərkibinə daxil olmasını istəyirdi, tədricən vəziyyət dəyişməyə başladı. A. Ter-Tadevosyan, “Kommandos”.
Xoqlandın rəsmi bəyanatına Ermənistanın reaksiyası onun çoxdan təslim mövqeyində olduğunu göstərdi.
Kreml azərbaycanlıları qaytarmaqla Ermənistanı normal dövlətə çevirmək kursu götürüb.
ABŞ və Fransanın ATƏT MQ-də passivliyi fonunda RF Dağlıq Qarabağ tənzimlənməsində aktivliyini xeyli artırıb. RF-in Azərbaycan və Ermənistan dini liderlərinin görüşünün təşkil etməsinin dalınca RF prezidentinin xüsusi məsələlər üzrə təmsilçisi M.Şvıdko Yerevanda Xİ naziri E.Nalbandyanla Ermənistanla Rusiya arasında ikitərəfli mədəni əlaqələrlə yanaşı çoxtərəfli mədəni əlaqələri də müzakirə etdi. Çox tərəfli əlaqələr dedikdə RF və Ermənistandan başqa digər dövlətin də iştirakı ilə olan mədəni əlaqələr nəzərdə tutulur. M.Şvıdko iki dəfə Azərbaycan və Ermənistan ziyalılarının Bakı, Yerevan və Dağlıq Qarabağa səfərini təşkil etmiş şəxsdir. Bu səfərlərdə Dağlıq Qarabağın erməniləri və azərbaycanlıları da təmsil olunub. Şvıdkonun missiyasının dayanmasının səbəbkarı rəsmi Yerevandır. Rəsmi Bakı hətta bu dövrdə “Sülh platformasını” irəli sürdü.
RF prezidenti V.Putinin Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı qətiyyəti ortadadır: Bu münaqişə siyasi-diplomatik vasitələrlə tənzimlənməlidir. Ermənistanın narazı olmasına baxmayaraq Moskvada dini liderlər görüşdü. Rəsmi Yerevan ziyalıların xüsusilə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqunun əleyhinə olsa da, V.Putin bu dialoqu qurmaqla məşğuldur. Məqsəd Ermənistanı normal dövlətə çevirməkdir. Ermənistanın indiki rəhbərliyinin öz xalqı qarşısında heç bir məsuliyyəti yoxdur. Ona görə də tez-tez siyasətini dəyişir və RF-lə ABŞ arasındakı gərginlikdən yararlanmaq istəyir. Kreml hər həftə rəsmi Yerevana nəyisə qadağan edir. Belə vəziyyət Kremlin özü üçün də yaxşı deyil. Ona görə Ermənistanın normal siyasət aparmasının konseptual həlli tapılmalıdır. Bunun üçün ən real və ən yaxşı vasitə Ermənistan SSR-dən qovulmuş, təxminən yarım milyon nəfər azərbaycanlının ora qayıtmasıdır. Başqa hansısa süni model yaratmağa ehtiyac yoxdur. Azərbaycanlıların qayıtması ilə Ermənistan monoetnik və monokonfessional dövlətdən polietnik və polikonfessional dövlətə çevrilir. Rus dilli məktəblər şəbəkəsi yaranır. Rus dili işlək dilə çevrilir və bir müddət sonra rus dili konstitusion status alır.
Ermənistan hökuməti əhali qarşısında özünü daha məsuliyyətli aparır. Parlamentli respublika idarəçiliyi ermənilərdən qeyri-şəxslərin də qərarların qəbulunda iştirakını artırır. Ermənistanda ermənilərin sayının azalması fonunda ora qayıdan avtoxton azərbaycanlılar əhalinin ən azı 20 faizini təşkil edəcəkdir. Ermənistanın daha nümunəvi normal dövlətə çevrilməsi üçün Rusiya onun üçün etdiyi tarixi yaxşılıqların bir qismini geri almalıdır; Zəngəzur tarixən Azərbaycan torpağıdır. Onu Stalin ermənilərə bağışlayıb. Putin Zəngəzurun sahibinə-Azərbaycana qaytarılması ideyasını aktuallaşdıra bilər. Amma bütün bunların hamısının baş verməsi üçün ilk olaraq Dağlıq Qarabağ problemi həll olunmalıdır. Patriarx Kirilin və M.Şvıdkonun fəaliyyəti V.Putinin bu istiqamətdə düzgün yolda olduğunu göstərir.
S.Xankişiyeva