12 min manat dəyərində kosmetoloji avadanlıq oğurlayan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

12 min manat dəyərində kosmetoloji avadanlıq oğurlayan şəxs saxlanılıb

16:16 - 03 / 10 / 2017
 12 min manat dəyərində kosmetoloji avadanlıq oğurlayan şəxs saxlanılıb

Nəqliyyat vasitələrindən pul, mobil telefon və digər qiymətli əşyaların oğurlanması hallarına qarşı mübarizə istiqamətində daxili işlər orqanları tərəfindən növbəti əməliyyat tədbirləri həyata keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən 1news.az -a bildiriblər ki, Binəqədi rayonunun Ə.Naxçıvani küçəsindəki evlərdən birində yaşayan Alla Nukradzeyə məxsus “Toyota” markalı avtomobilin şüşəsi sındırılaraq 12 min manat dəyərində kosmetoloji avadanlıq naməlum şəraitdə oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsi 5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində oğurluq hadisəsinin Zəngilan rayon sakini Araz Əmiraslanov tərəfindən törədildiyi müəyyənləşdirilib.

Bakı Şəhər Baş Polis İdarəsi Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin şəxsin idarə etdiyi “Mersedes” markalı avtomobillə Qaradağ rayonu ərazisində hərəkətdə olması müəyyənləşdirilib. Sonra bu barədə Baş Dövlət Yol Polisi İdarəsinə, Binəqədi Rayon Polis İdarəsi 5-ci polis bölməsinə məlumat verilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən A.Əmiraslanov idarə etdiyi avtomobildə saxlanılıb. Avtomobilin yük yerinə baxış zamanı onun oğurladığı əşyalar aşkarlanaraq götürülüb.

Saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə əməliyyat-istintaq tədbirləri nəticəsində onun bu ilin sentyabr ayı ərzində Binəqədi rayonu ərazisində daha 13 nəqliyyat vasitəsinin şüşəsini sındıraraq mobil telefon, pul və digər qiymətli əşyalar oğurladığı məlum olub.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxsin digər cinayətlərdə iştiraklarını da istisna etmirlər. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” zəng mərkəzinə və ya Binəqədi Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

 1news.az 

 

Paylaş:
551

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər