Prezident İlham Əliyev MDB Sərhəd Qoşunları Komandanları Şurasının 78-ci iclasının iştirakçılarını qəbul edib - FOTO - YENİLƏNİB
Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçiriləcək 78-ci iclasının iştirakçılarını qəbul edib.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, görüşün iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Xoş gəlmisiniz. Sizi Azərbaycanda salamlamağa məmnunam. Şadam ki, MDB ölkələrinin sərhəd xidmətləri rəhbərlərinin iclası bizim ölkəmizdə keçirilir. Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi birinci dəfə deyil. Biz sizinlə görüşmüşük, ola bilsin ki, tamamilə indiki tərkibdə olmayıb, amma sizin çoxunuz artıq bizim ölkəmizdə olub. Bu, çox yaxşı tədbirdir. Bu, təkcə sərhəd xidmətlərinin rəhbərləri arasında deyil, həm də ölkələrimiz arasında əməkdaşlığı möhkəmləndirir.
Bu yaxınlarda Soçidə MDB-nin növbəti sammiti keçirildi. Azərbaycan həmin tədbirdə fəal iştirak etdi. Ümumiyyətlə, biz MDB məkanında bir çox mühüm işlərdə fəal iştirak edirik. Əlbəttə, təhlükəsizliyin, sərhədlərin qorunmasının möhkəmləndirilməsi bizim bütün ölkələrimiz üçün böyük əhəmiyyət kəsb edir. Bu, ölkələrimizin və xalqlarımızın təhlükəsizliyinin əsasıdır. Bizim vətəndaşların normal, rahat həyatı da çox cəhətdən sizin rəhbərlik etdiyiniz xidmətlərin uğurlu fəaliyyətindən asılıdır. Buna görə də heç şübhəsiz, bizim ölkələrimizin rahat, normal, sabit inkişafı da sizin aranızda əməkdaşlıqdan, informasiya mübadiləsindən, qarşılıqlı fəaliyyətdən asılıdır.
Azərbaycanda sərhəd xidmətinin infrastrukturunun, bütövlükdə sərhəd xidmətinin inkişafına çox böyük diqqət yetirilir. Son illərdə sərhədlərin möhkəmləndirilməsi, müasir avadanlıqla təchizatı sahəsində çox iş görülüb. Hesab edirəm ki, bu sahə təhlükəsizliyin möhkəmləndirilməsi işində mühüm sahələrdən biridir.
Təəssüf ki, bizim ölkələrimizin yerləşdiyi regionlarda, bütövlükdə dünyada risklər artır. Buna görə, əlbəttə ki, səylərin əlaqələndirilməsi, informasiya mübadiləsi və təhlükəli hallara qarşı birgə mübarizə bizim təhlükəsizliyimizin qarantıdır. Azərbaycanda vəziyyət sabitdir, ölkə uğurla inkişaf edir, daxili risklər və potensial təhlükələr yoxdur. Buna görə, əlbəttə, biz əlimizdən gələni etməliyik ki, təhlükəli elementlər bizim sərhədlərdən keçməsin. Biz bunu, əlbəttə, öz qonşularımızla, MDB ölkələri ilə əlaqələndirilmiş şəkildə təmin edirik.
Əlbəttə ki, beynəlxalq terrorizmə qarşı mübarizə məsələləri bugünkü gündəlikdə başlıca yer tutur. Bu gün praktiki olaraq bütün beynəlxalq sammitlərdə ekstremizmə, mütəşəkkil cinayətkarlığa, narkotrafikə qarşı mübarizə ən aktual mövzulardır. Təbii ki, bizim ölkələrimiz bütün bu müasir təhdidlərə və təhlükələrə adekvat şəkildə cavab verməlidir. Mən şadam ki, bütövlükdə MDB məkanında vəziyyət kifayət qədər sabitdir. Xüsusilə bugünkü dünyada bir sıra regionlarda çox həyəcanlı proseslər - sabitliyin pozulması, daxili münaqişələr, müharibələr, qanlı toqquşmalar getdiyi vaxtda biz əlbəttə ki, öz ölkələrimizin təhlükəsizliyini möhkəmləndirməliyik və ölkələrimiz arasında, o cümlədən sizin başçılıq etdiyiniz sahədə əməkdaşlığın daha da möhkəmlənməsinə təkan verməliyik.
Mən əminəm ki, Komandanlar Şurasının iclası yüksək səviyyədə keçiriləcək və müzakirə olunacaq məsələlər ölkələrimizin təhlükəsizliyinin daha da möhkəmlənməsinə, sərhədlərin qorunmasının möhkəmlənməsinə gətirib çıxaracaq. Hamımız sərhədlərimizin bizə ziyan vurmaq istəyənlərdən etibarlı müdafiə olunmasında, eyni zamanda, dostlarımız, turistlər, iş adamları, ölkələrimizlə tanış olmağa gələnlər üçün açıq olmasında maraqlıyıq. Belə bir tarazlığı tapmaq asan deyil. Biz Azərbaycanda buna cəhd edirik və bizim bir çox ölkələrlə həyata keçirdiyimiz viza rejiminin liberallaşdırılması və bir çox ölkələrdən əcnəbi vətəndaşların Azərbaycana kifayət qədər sərbəst gələ bilməsi, əlbəttə ki, bu il 20 faizdən çox, ötən il isə hətta 25 faiz artan turizmin hiss olunacaq dərəcədə inkişafına gətirib çıxarıb. Bununla yanaşı, eyni zamanda, təhlükəsizliyin etibarlı təminatı göstərir ki, tənasüb tapıla bilər. Biz də buna cəhd edirik. Sözsüz ki, qonşularla, MDB-yə üzv ölkələrlə, bizim çoxdankı dostlarımızla iş əlaqələndirilmədən buna hansısa ölkədə nail olmaq çətin olacaq. Buna görə də biz məhz bu sahədə MDB çərçivəsində əməkdaşlığa çox böyük önəm veririk. Düşünürəm ki, sizin həm bu gün, həm də sabah görüşləriniz olacaq, bizim sərhəd xidmətinin rəhbərliyi sizi görülən işlər barədə məlumatlandıracaq və siz fikir və təcrübə mübadiləsi aparacaqsınız.
Bir daha sizi salamlayıram və sizə uğurlu iş arzulayıram.
x x x
Sonra MDB Sərhəd Qoşunları Komandanları Şurasının sədri, Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini, Sərhəd Xidmətinin rəhbəri Vladimir KULİŞOV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
İlk növbədə, MDB Sərhəd Qoşunları Komandanlar Şurasının üzvləri adından Sizi və bütün Azərbaycan xalqını dövlət bayramı – Müstəqillik Günü münasibətilə təbrik etmək və Şuranın növbəti iclasını qonaqpərvər Azərbaycanın paytaxtında keçirmək imkanına görə təşəkkürümü bildirmək istərdim.
Mən bizim planlarımız barədə qısa məlumat vermək istəyirəm. Komandanlar Şurasının 78-ci iclasında 8 dövlətin nümayəndə heyəti, MDB-nin İcraiyyə Komitəsi, MDB-nin Antiterror Mərkəzi iştirak edir. Gündəliyə çıxarılan məsələlər arasında biz Birlik dövlətlərinin xarici sərhədində operativ şəraitin vəziyyətini müzakirə edəcəyik, yaxın perspektivdə onun inkişafının proqnozunu dəqiqləşdirməyə çalışacağıq. Həmçinin bu iclasda biz Şuranın 2017-ci ildəki işinin yekunlarına nəzər salacağıq və 2018-ci il üçün fəaliyyətini planlaşdıracağıq. Həmçinin transsərhəd cinayətkarlıqla mübarizə, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə 6 ümumdövlət proqramının yerinə yetirilməsi ilə bağlı bir sıra məsələləri dinləməyi planlaşdırırıq.
Ənənəvi olaraq biz öz iclaslarımızda veteran hərəkatının möhkəmləndirilməsi məsələsini və bir sıra digər məsələləri nəzərdən keçiririk. Lakin qeyd etmək istərdim ki, onların hamısı sırf tətbiqi xarakter daşıyır və Sizin qeyd etdiyiniz kimi, bizim vətəndaşlarımızın təhlükəsizliyinin təminatına, beynəlxalq terror təşkilatlarına, narkotrafiklərə, qanunsuz miqrasiyaya mənsub şəxslərin keçid kanallarının qarşısının alınmasına, vətəndaşlarımızın və ölkələrimizin təhlükəsizliyində əksini tapan bütün təzahürlərin aradan qaldırılmasına xidmət edir.
Praktiki hissənin gedişində biz Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində mövcud olan yeni təşəbbüslərlə məmnunluqla tanış olacağıq. Qeyd etmək istərdim ki, bizim iclaslarımız zamanı çoxtərəfli formatla yanaşı, biz ikitərəfli əlaqələrə də böyük diqqət yetiririk. Bu gün mən həmkarlarımın fikrini bilirəm və şəxsən öz fikrimi bildirirəm ki, biz Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə sərhəd fəaliyyətində mütləq qaydada zəruri olan çox etibarlı münasibətləri dəstəkləyirik.
Hörmətli İlham Heydər oğlu.
Bu il Komandanlar Şurası üçün yubiley ilidir. 2017-ci il iyulun 6-da Şuranın yaradılmasının 25 ili tamam oldu. Mən birinci olaraq sərhəd təhlükəsizliyinə töhfənizə, Komandanlar Şurasına dəstəyinizə görə hamımız adından Sizə dərin minnətdarlığımı bildirmək və xatirə hədiyyələrimizi təqdim etmək istərdim.
x x x
Vladimir Kulişov MDB Sərhəd Qoşunları Komandanları Şurasının yaradılmasının 25 illiyinə həsr olunmuş xatirə medalını və hədiyyələri dövlətimizin başçısına təqdim etdi.
Sonda xatirə şəkli çəkdirildi.
1news.az