Cari ilin 9 ayında reabilitasiya mərkəzlərində 115 minə yaxın şəxsə xidmət göstərilib

Cari ilin 9 ayında Sosial Xidmətlər Agentliyinin reabilitasiya mərkəzlərində 115 minə yaxın şəxsə xidmət göstərilib.
1news.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakı Reabilitasiya Mərkəzinə mediatur çərçivəsində məlumat verilib.
Media nümayəndələri əvvəlcə Mərkəzdə yaradılan şəraitlə, göstərilən xidmətlərlə və burada tətbiq olunan fizioterapevtik prosedurlarla yaxından tanış olublar.
Bakı Reabilitasiya Mərkəzinin direktoru Vüsalə Kazımova bildirib ki, Mərkəz əlilliyi olan şəxslər və onların ailə üzvlərinə xidmət göstərir:
"Burada sakinlər stasionar, ambulator, icma əsaslı, səyyar xidmətlərə, eləcə də hippoterapiya və sosial-psixoloji dəstək tədbirlərinə cəlb edilirlər. Stasionar qaydada reabilitasiya kursu keçmələri üçün əlilliyi olan şəxslər qeydiyyatda olduqları ərazi üzrə Tibbi-sosial ekspert komissiyaları və ya DOST Mərkəzlərinə, ambulator və digər qaydada reabilitasiya xidmətlərindən yararlanmaq üçün isə birbaşa reabilitasiya müəssisələrinə müraciət edə bilərlər".
Onun sözlərinə görə, Mərkəzdə pasiyentlərin tibbi məlumatları elektron kartlar vasitəsilə onlayn qaydada sistemə daxil edilir:
"Müəssisə 60 çarpayıdan ibarətdir. İl ərzində təxminən 1500 nəfərə stasionar, 800 nəfərə isə ambulator qaydada xidmət göstərilir. Bununla yanaşı, Mərkəzin onlayn və səyyar xidmətləri də mövcuddur".
Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdür müavini Sərvər Abdullayev vurğulayıb ki, qurumun ümumilikdə ölkə üzrə 40-a yaxın sosial xidmət və reabilitasiya mərkəzi var:
"Bu ilin doqquz ayında həmin reabilitasiya mərkəzlərində əlilliyi olan 115 minə yaxın şəxsə müxtəlif reabilitasiya xidmətləri göstərilib. Bundan başqa, yanvar-sentyabr ayları ərzində 37 mindən çox əlilliyi olan uşağa xidmət göstərmişik. Eyni zamanda, bu ilin yanvar-sentyabr ayları ərzində 11 min şəxsə 490 min reabilitasiya vasitəsi təqdim edilib. Həmçinin son iki ayda 120-dən çox şəxs, eyni zamanda, postmüharibə dövründə 450-yə yaxın şəxs reabilitasiya mərkəzlərində tam reabilitasiya olunub və əlilliklərini artıq geridə qoyaraq tam həyata reinteqrasiya olunublar".
Qeyd edək ki, hazırda Bakı Reabilitasiya Mərkəzində 200-ə yaxın şəxsə müxtəlif xidmətlər göstərilir.











