Milli Məclisin növbəti plenar iclasında 38 məsələyə baxılıb | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin növbəti plenar iclasında 38 məsələyə baxılıb

20:49 - 31 / 10 / 2017
Milli Məclisin növbəti plenar iclasında 38 məsələyə baxılıb

Oktyabrın 31-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, parlament sədrinin birinci müavini Ziyafət Əsgərovun sədrliyi ilə keçən iclasda əvvəlcə 38 məsələdən ibarət gündəlik təsdiqlənib.

İclasda Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsini təqdim edib. Bildirib ki, yenilənmiş Saziş bu il sentyabrın 14-də Bakıda imzalanıb. İndiyədək, yəni, 1995-2017-ci illər ərzində “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin icrası prosesində layihə üzrə ümumi xərclərin həcmi 43,5 milyard dollar təşkil edib. Bunlardan da əsaslı xərclər, yəni, kapital qoyuluşları 35 milyard dollara yaxın olub. Layihənin icra olunduğu müddətdə Azərbaycanın payına düşən gəlirlər 130 milyard dollara yaxın mənfəət nefti şəklində çatıb. Podratçı tərəflər 15 milyard dollara yaxın mənfəət vergisi ödəyib. SOCAR-ın ortaq şirkəti 5,9-6 milyard dollar məbləğində mənfəət nefti qazanıb. Bunlarla yanaşı, müqavilə sahəsi üzrə texnoloji ehtiyaclar üçün işlədilməmiş 42 milyard kubmetrə yaxın həcmdə təbii səmt qazı ödənişsiz çatdırılma məntəqəsində dövlətə təhvil verilib.

Vitse-spiker qeyd edib ki, müqavilə müddətinin uzadılması və Sazişin yenilənməsi uzaqgörənliklə atılmış addımdır. Çünki müqavilənin əvvəlki müddəti 2024-cü ilə qədər nəzərdə tutulduğundan qarşıdakı 7 ildə hasilat aşağı düşəcəkdi. Onu sonradan bərpa etməksə çox çətin olacaqdı. Diqqətinə çatdırılıb ki, Azərbaycan dövləti və SOCAR yenilənmiş müqaviləni daha üstün şərtlərlə imzalayıb.

Plenar iclasda müzakirə zamanı deputatlar Vahid Əhmədov, Əli Məsimli, Aydın Mirzəzadə, Tahir Kərimli, Sahibə Qafarova, Siyavuş Novruzov sənədin Azərbaycan dövlətinin və xalqının maraqlarına cavab verdiyini vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan Prezidentinin siyasi iradəsi sayəsində istifadəyə verilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı tarixi qələbədir. Hazırda parlamentin müzakirəsinə verilmiş yeni neft-qaz Sazişi də iqtisadi baxımdan ölkəmizin qüdrətini daha da möhkəmləndirəcək.

Milli Məclis Sazişi qəbul və təsdiq edib, həyata keçirilməsinə razılıq verib.

İclasda iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Birləşmiş Ərəb Əmirliklərinin Standartlaşdırma və Metrologiya üzrə Əmirlik Orqanı arasında uyğunluq sertifikatlarının və uyğunluq nişanlarının qarşılıqlı tanınması haqqında” Anlaşma Memorandumu və “Azərbaycan Respublikası Hökuməti ilə Bermud Adaları Hökuməti arasında uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsinə dair” Saziş barədə məlumat verib.

Deputatlar hər iki sənədin təsdiqini məqsədəuyğun sayıblar.

Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə bir zərfdə daxil olmuş 19 qanun layihəsi “Elm haqqında” Qanunun tətbiqi ilə əlaqədar Əmək Məcəlləsində, 16 qanunda və 2 Əsasnamədə dəyişiklik edilməsi zərurətini ehtiva edirdi. İclasda həmin qanun layihələri barədə elm və təhsil komitəsinin sədri İsa Həbibbəylinin məlumatı dinlənilib.

Deputatlar məsələyə münasibət bildirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyulub. Milli Məclis Əmək Məcəlləsində, diplomatik xidmət, dövlət əmlakının özəlləşdirilməsi, dövlət qulluğu, əmək pensiyaları, geodeziya və kartoqrafiya, heyvanlar aləmi, müdafiə, muzeylər, ölçmələrin vəhdətinin təmin edilməsi, rəsmi statistika, sanitariya-epidemioloji salamatlıq, sərhəd qoşunları, təhsil, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri, yanğın təhlükəsizliyi və yaşayış minimumu haqqında qanunlarda, həmçinin Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli Qanunu ilə təsdiqlənmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsini məqsədəuyğun sayıb.

Gündəlikdəki növbəti iki qanun layihəsini aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov təqdim edib. Bildirib ki, “Yaşıllıqların mühafizəsi haqqında” Qanunda edilən dəyişikliklər yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin dəqiqləşdirilməsi, yaşıllıqların uçotu, kadastrı və monitorinqi sahəsində idarəetmənin təkmilləşdirilməsi, yaşıllıqların salınmasının stimullaşdırılması, həmçinin bərpası üçün əkin materialları və digər vasitələrlə təminatı məsələlərinin həlli məqsədini daşıyır.

Məlumat verilib ki, “Çayçılıq haqqında” Qanunun 10-cu maddəsində aparılan dəyişiklik qanunvericiliyin uyğunlaşdırılması məqsədi daşıyır. Layihəyə əsasən, bu sənəd “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna və “Toxumçuluq haqqında” Qanunda dəyişiklik edilməsinə dair 2017-ci il 14 aprel tarixli Qanuna uyğunlaşdırılacaq.

Hər iki qanun layihəsi qəbul olunub.

Qanunvericiliyin uyğunlaşdırılması baxımından “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 14 oktyabr tarixli Qanunun tətbiqi ilə əlaqədar gündəliyə üç məsələ daxil edilmişdi. Ölkəmizdə sərnişindaşıma sahəsində yeni ödəmə alətlərinin tətbiqi ilə əlaqədar Mülki Məcəllənin 842-ci maddəsinə, “Avtomobil nəqliyyatı haqqında” Qanunun bir sıra maddələrinə və “Nəqliyyat haqqında” Qanunun 13-cü maddəsinə təklif olunan dəyişikliklər şərh olunduqdan sonra hər üç qanun layihəsi qəbul edilib.

Deputatlara məlumat verilib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna təklif olunan dəyişikliklər həmin yoxlamaların dayandırılması müddətinin uzadılmasını nəzərdə tutur. Həmçinin insanların həyat və sağlamlığının qorunması ilə bilavasitə bağlı olan yoxlamaların aparılmasını, yəni, dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi qaydalarına riayət edilməsi, qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamaları təmin etmək məqsədi daşıyır.

Fikir mübadiləsindən sonra layihə səsə qoyulub və qanun qəbul edilib.

“Hesablama Palatası haqqında” Qanunda dəyişiklik edilməsinə dair məsələnin müzakirəsi zamanı bildirilib ki, sənəd “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2016-cı il 14 oktyabr tarixli Qanunun icrası məqsədilə hazırlanıb. Qanunun qüvvədə olan mətnindən fərqli olaraq yeni layihə cinayət əlamətləri olan hüquqpozmalarla yanaşı, inzibati xəta əlamətləri olan hüquqpozmalarla bağlı materialların da aidiyyəti üzrə göndərilməsini nəzərdə tutur.

Deputatlar rəy və təkliflərini diqqətə çatdırıblar. Parlament sənədə müsbət münasibət bildirib.

Plenar iclasın gündəliyindəki növbəti 9 qanun layihəsini hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli şərh edib. O bildirib ki, İnzibati Xətalar Məcəlləsində və “Yol hərəkəti haqqında” Qanunda aparılan dəqiqləşdirmə nəqliyyat vasitəsinin parklanması ilə əlaqədardır. Yəni bir parklanmanın müddəti 24 saat müəyyənləşdirilibsə, bu vaxt tamam olmamış nəqliyyat vasitəsi istifadəçisinin məsuliyyəti yarana bilməz.

Deputatlar bu qanunlara müsbət münasibət bildiriblər.

Sonra parlamentə məlumat verilib ki, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişikliklər qanunsuz balıq ovu ilə mübarizəni gücləndirmək məqsədi daşıyır.

Sənəd səsə qoyuldu və qəbul edilib.

Bildirilib ki, dövlət başçısının 2017-ci il 30 may tarixli Sərəncamına əsasən, Prezident Administrasiyasının strukturunda aparılmış dəyişikliklərlə əlaqədar olaraq “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi zərurəti meydana çıxıb.

Səsvermə zamanı parlament qanunu qəbul edib.

İclasda qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsində, qanunvericiliyin uyğunlaşdırılması məqsədilə Miqrasiya Məcəlləsinin 9-cu və 17-ci maddələrində edilən dəyişikliklər qəbul olunub.

Plenar iclasa sədrlik edən Ziyafət Əsgərov məlumat verib ki, gündəlikdəki növbəti üç məsələ Azərbaycan Ali Məhkəməsinin qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olub.

Mülki Prosessual Məcəlləyə, İnzibati Prosessual Məcəlləyə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna təklif olunan dəyişiklikləri şərh edən komitə sədri Əli Hüseynli bildirib ki, yeni müddəalara əsasən, məhkəmə icraatında nümayəndəlik institutu təkmilləşdiriləcək, icraatda iştirak edən şəxslərin prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq imkanı təmin ediləcək. Nümayəndəliyi özünə bir növ “peşə” edən qeyri-peşəkar şəxslərin onlara etibar edilmiş səlahiyyətlərdən sui-istifadə etməsinə imkan verməyəcək.

Bundan başqa Mülki Prosessual Məcəlləyə təklif olunan digər dəyişikliklər kasasiya icraatının səmərəliyini artıracaq. Belə ki, apelyasiya məhkəməsinin pul vəsaiti tutulması tələblərinə dair bütün qətnamələrində kasasiya şikayəti verilməsi imkanını aradan qaldırmaq üçün iqtisadi mübahisələr üzrə 10 min manatdan, digər hallarda 2 min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kasasiya şikayəti verilə bilməyəcək.

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda aparılan dəyişikliklər də qanunvericiliyin təkmilləşdirilməsi xarakteri daşıyır.

Deputatlar Zahid Oruc, Fazil Mustafa, Elşən Musayev, Siyavuş Novruzov, Musa Quliyev, Çingiz Qənizadə, Qənirə Paşayeva, vitse-spiker Valeh Ələsgərov fikir plüralizmi şəraitində layihələrə münasibət bildiriblər. Ali Məhkəmənin kollegiya sədri Şəlalə Məmmədova deputatların suallarını cavablandırıb.

Fikir mübadiləsinin yekununda hər iki məcəlləyə, həmçinin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna təklif olunan dəyişikliklər qəbul olunub.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.

1news.az

Paylaş:
1653

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər