Bu küçədə yeni geriyə dönmə yerinin yaradılacağı gözlənilir
Bakının Fəzail Bayramov və Yusif Səfərov küçələrini birləşdirən iki istiqamətli, 4 zolaqlı yolda aparılan təhlillər nəticəsində müəyyən çatışmazlığın olduğu müəyyən edilib.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, Fəzail Bayramov küçəsinin şərq hissəsində yerləşən binalarda yaşayan avtomobil sahibləri şəhər mərkəzinə gedərkən Yusif Səfərov küçəsinə çıxmaq üçün yeni salınmış yoldan istifadə edə bilmir. Bu səbəbdən, hazırda alternativ olaraq Yusif Səfərov küçəsinə çıxmaq üçün Babək və Xocalı prospektlərindən istifadə edilir ki, bu da günün pik vaxtlarında adıçəkilən hər iki prospektdə nəqliyyat yükünü əhəmiyyətli dərəcədə artırır.
M.Ağayevin sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin hazırladığı həll planına əsasən, qeyd edilən ünvanda yaşayan avtomobil sahibləri Yusif Səfərov küçəsinə qısa vaxt ərzində rahat çıxışını təmin etmək və yeni salınmış yolun funksionallığını artırmaq məqsədilə, Fəzail Bayramov küçəsinin Babək prospekti ilə kəsişməsinə çatmamış geriyə dönmə yerinin təşkil edilməsi təklif edilir. Bu həll variantının reallaşması Fəzail Bayramov küçəsinin şərq hissəsindəki binalarda yaşayan avtomobil sahiblərinin Yusif Səfərov küçəsinə rahat çıxışının təmin edilməsinə, yeni salınmış yolun funksionallığının artırılmasına, Babək, Xocalı prospektləri və Afiyəddin Cəlilov küçəsində nəqliyyat yükünün qismən azaldılmasına imkan verəcək.
Təklif baxılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim edilib.
S.Xankişiyeva