Mübariz Əhmədoğlu: Ermənistan üçün çox çətin vəziyyət yaranıb
Həmsədr dövlətlərin Dağlıq Qarabağ tənzimlənməsində köhnə baza üzərində yeni yanaşma qurduqlarını konstatasiya etmək olar.
1news.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu “Qarabağ saatı” seriyasından keçirdiyi növbəti mətbuat konfransı zamanı deyib. Politoloqun mətbuat konfransından vacib çıxarışları təqdim edirik:
ATƏT-in Vyana ministerialında MQ həmsədr ölkə nümayəndə heyətlərinin başçıları Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə bəyanat yaydılar. Hər il ATƏT ministerialında belə bəyanat yayılır. Avstriyanın ATƏT-ə sədrliyi MDB məkanındakı münaqişələr, xüsusilə Dağlıq Qarabağ münaqişəsi prizmasından çox sönük keçdi. Bu ölkədaxili proseslərlə əlaqəlidir. Lakin Avstriyanın passiv sədrliyi həmsədr ölkə nümayəndə heyətləri başçılarının birgə bəyanat verməsinə maneçilik törətmədi.
Həmsədr ölkələrin nümayəndə heyəti başçılarının bəyanatında:
I. Prezidentlərin 2017-ci ilin 16 oktyabrında Cenevrə görüşü dialoqun yenidən dirçəlməsi kimi təqdim edilir. Azərbaycan Prezidenti İ.Əliyevin dəfələrlə verdiyi bəyanat həmsədr ölkə nümayəndələrinin başçıları tərəfindən təsdiqləndi. Ermənistan dialoqun baş tutması üçün prezidentlərin Vyana və Sankt-Peterburq görüşündə əldə olunmuş razılaşmalara riayət etməyi şərt kimi irəli sürürdü. İ.Əliyev həm heç bir şərtin qəbul edilməyəcəyini, həm də dialoqun başlayacağını ultimatum formada bildirmişdi. Prezidentlərin Cenevrə görüşü bu kontekstdən Dağlıq Qarabağ tənzimlənməsində yeni keyfiyyət mərhələsidir.
II. “Siyasi tənzimlənmə” termini Dağlıq Qarabağ tənzimlənməsinə rəsmən daxil edildi. “Siyasi tənzimlənmə” “dinc tənzimlənmə”dən fərqlidir; Tənzimlənmədən yayınan tərəflərə qarşı müəyyən siyasi addımlar atıla bilər.
III. Sonrakı maneələrin tənzimlənməni mürəkkəbləşdirəcəyi və tərəflərin davamlı müqavilə əldə etməsinə sadiqliyini şübhə altına qoyacağı bildirilir. Bu ikimənalı tezisdir. Azərbaycan Kaspşikin missiyasının genişlənməsinə razılıq verib, amma bu missiyanın fəaliyyətinin lokallaşacağı ərazi hələ də mübahisəlidir. Bunu Azərbaycanın tənzimlənməni yubatması kimi təfsir edə bilərlər. Bəyanatda, həm də prezidentlərin Paris görüşündə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi məsələsi də yer aldığını nəzərə alsaq günahkar Ermənistan olur.
IV. Başlanğıc nöqtəsi kimi prezidentlərin 2014-cü ilin oktyabrında Paris görüşü zamanı razılaşdırılmış Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi məsələsi götürülür. Ermənistan prezidenti S.Sərkisyan Parisdə buna etiraz etmədi, Ermənistana qayıdan kimi Dağlıq Qarabağda erməni qoşun birləşmələrinin ən çoxsaylı və geniş miqyaslı təlimini keçirdi və bu təlimdə şəxsən iştirak etdi. Ermənistan respublikasına məxsus helikopterlərə Ağdama daxil olmaq əmrini verdi. Nəticədə, helikopterlərdən biri vuruldu.
İtkin düşənlərin siyahısının dəqiqləşdirilməsi Ermənistanı qane etməyən iki faktoru diktə edir: a) Dağlıq Qarabağda və digər işğal olunan ərazilərdə döyüş gedən əraziləri, məzarlıqları müəyyənləşdirmək üçün həmin yerlərin sakinləri olmuş azərbaycanlılar o ərazilərə baş çəkməlidirlər. Bu ünsiyyət yerli ermənilərdə Azərbaycana rəğbəti artıra bilər və erməni gənc nəslində S.Sərkisyanın təbliğatına şübhələr yaradacaqdır. b) DNT analizi məzarlıqlarda ölənlərin böyük əksəriyyətinin azərbaycanlılar olduğunu bəlli edəcək. Bununla da Ermənistanın Dağlıq Qarabağ münaqişəsi barədə təbliğatının bünövrəsi ciddi zərbə alacaq. Dünya həqiqətləri biləcək.
V. “Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılaşmalar yerinə yetirilməlidir” erməni şablonu “prezidentlərin Paris, Vyana, Sankt-Peterburq və Cenevrə razılaşmaları yerinə yetirilməlidir” tezisi ilə əvəzlənir.
VI. Ermənilər və azərbaycanlılar arasında dialoqun bərpası alqışlanır. Bu dialoq Dağlıq Qarabağ azərbaycanlıları ermənilər tərəfindən deportasiya olunduqdan sonra pozulub. İndi də dialoqun bərpasının ən böyük maneəsi S.Sərkisyanın şəxsi göstərişidir. Məhz S.Sərkisyanın bu göstərişi Dağlıq Qarabağ azərbaycanlıları və Dağlıq Qarabağ erməniləri ilə dialoqunu siyasiləşdirib.
VII. Dağlıq Qarabağ münaqişəsinin kəsilməsinin əsas məsuliyyəti Ermənistan və Azərbaycan prezidentlərinin üzərinə qoyulur. Başqa sözlə, ermənilərin Dağlıq Qarabağı tərəf kimi görmək arzusu yenidən ciddi zərbə aldı. “Münaqişənin kəsilməsi” termini də ilk dəfə tətbiq olunur.
Bütün bunları ümumiləşdirsək, həmsədrlərin köhnə baza üzərində yeni yanaşma qurduqlarını konstatasiya edə bilərik. ABŞ-la RF arasında gərgin vəziyyət Dağlıq Qarabağ tənzimlənməsinin tormozlanmasına deyil, həllinə yönəldiyini daha çox ehtimal etmək olar. Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla tənzimlənməsi istiqamətində həmsədr dövlətlərin siyasi iradəsi ortalıqdadır. E.Nalbandyan azərbaycanlı həmkarı ilə görüşü həmişə yubatmağa çalışardı. Bu dəfə ilk gündə görüşdü.
Ermənistan üçün çox çətin vəziyyət yaranıb.
Azərbaycan ordusu həmsədr ölkələrin siyasi iradəsinə dəstək versə, münaqişə daha tez həll oluna bilər.
RF Dağlıq Qarabağı qazla təmin etməsini Azərbaycanla svop əməliyyatı adı ilə rəsmiləşdirməlidir.
Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyi Azərbaycanda bu dövlətə qarşı münasibəti formalaşdıran əsas kriteriyadır.
Dağlıq Qarabağ münaqişəsinin ABŞ tərəfindən SSRİ-yə qarşı başlandığını çox az adam bilir. Böyük əksəriyyətin fikrincə, Dağlıq Qarabağ münaqişəsini Rusiya başlayıb, münaqişənin həllinə imkan verməyən də məhz odur; RF bununla Ermənistan və Azərbaycanı öz nəzarəti altında saxlayır.
Rusiyanın müasir siyasətində baş verənlər antiRusiya düşüncəli adamlarımızın mövqeyini möhkəmləndirir, sayını artırır.
RF XİN dəfələrlə bir-birinə daban-dabana zidd bəyanatlar verib; Prezident S.Sərkisyan dəfələrlə V.Putinin təklifindən imtina edib, amma reaksiyasız qalıb; V.Putin bir neçə dəfə təşəbbüs irəli sürsə də sonradan təşəbbüsünü sona çatdırmayıb. Ən bariz misal prezidentlərin Sankt-Peterburq (iyun 2016-ci il) görüşüdür.
Bir qrup Rusiya siyasətçisi, jurnalisti dəfələrlə Dağlıq Qarabağda olublar. Bunları Rusiyadakı ermənilərin əməlləri hesab etmək olar. Rusiya vətəndaşı olan ermənilərin Dağlıq Qarabağa hərbi yardımını erməni millətçiliyi ilə əlaqələndirmək olar.
Amma Dağlıq Qarabağ münaqişəsi dövründə dəyişilməz bir parametr mövcuddur və bu yalnız dövlətlə əlaqəli məsələdir; “Qazprom” separatçı Dağlıq Qarabağı təbii qazla təmin edir. “Qazprom”un bu addımı beynəlxalq qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Haçansa, Qərb bu məsələyə görə “Qazprom”u ciddi cəzalandıracaq. Qərbin ermənipərəstliyi hələ ki, buna imkan vermir.
“Qazprom”un bu fəaliyyəti Azərbaycanla RF arasında inam potensialının güclənməsinin ən ciddi maneəsidir. Bu həm də Rusiyada separatçılığın təşviqi kimi şərh oluna bilər. Rusiya regionları sabah RF-in ərazi bütövlüyünə qarşı çıxış etsələr də “Qazprom” onları qazla təmin edəcək.
“Qazprom”-un separatçı Dağlıq Qarabağı təbii qazla təmin etməsini qəlizləşdirən əsas cəhət onun həllinin sadəliyidir. “Qazprom” SOCAR-la (ARDNŞ) svop əməliyyatı adı ilə Azərbaycan qazını Dağlıq Qarabağa nəql edə bilər. Bu artıq münaqişənin həllinə yardım edən məsələdir. “Qazprom” bu sadə sənədləşməni reallaşdırmaq istəmir.
Görünür, təkcə XİN deyil, həm də “Qazprom” vasitəsilə RF Dağlıq Qarabağ münaqişəsinin uzun müddət tənzimlənməmiş qalmasında marağını nümayiş etdirir.
1news.az