Qəzvin-Rəşt dəmir yolu martın 20-də istismara veriləcək
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt dəmir yolu martın 20 də istismara veriləcək.
İranın Dövlət Dəmir Yolları İdarəsinin tikinti üzrə rəis müavini Cəbrail Zəkərinin sözlərinə görə yolun 165 kilometri artıq hazırdır, qalan 12 kilometrdə aparılan işlər martın 20-nə kimi yekunlaşacaq və yol istifadəyə veriləcək. Bu yolun davamı olacaq Rəşt-Astara dəmir yolu xətti isə 3 il müddətində inşa ediləcək. Azərbaycan Rəşt-Astara yolunun inşası üçün İrana 500 milyon dollar güzəştli kredit verib.
Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil etməklə İran, Azərbaycan və Rusiyanın dəmir yolları sistemlərini birləşdirəcək. Bu yol Şimali Avropa ilə Cənub-Şərqi Asiya ölkələrini nəqliyyat baxımından birləşdirəcək.
Mütəxəssislərin hesablamalarına görə dəhliz vasitəsilə ildə 6 milyard ton yük daşınacaq. Gələcəkdə isə dəhlizlə daşınan yüklərin həcminin 15-20 milyard tona çatacağı gözlənilir.
AZƏRTAC