Şəkidə 100-dən çox fıstıq ağacını qanunsuz kəsən 6 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə 100-dən çox fıstıq ağacını qanunsuz kəsən 6 nəfər saxlanılıb

1news Redaksiyası12:30 - Bu gün
Şəkidə 100-dən çox fıstıq ağacını qanunsuz kəsən 6 nəfər saxlanılıb

Şəkinin Kiş kəndində 100-dən artıq fıstıq ağacını qanunsuz kəsərək satışını təşkil etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) birgə məlumatında bildirilib.

Qeyd olunub ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidməti meşə massivlərində ağacların qanunsuz kəsilməsi və emalı ilə məşğul olan şəxslərin müəyyən edilməsi məqsədilə birgə əməliyyat keçirib.

Baş İdarəyə Şəki rayonunun Kiş kəndi ərazisində qiymətli ağac növlərinin kütləvi şəkildə qanunsuz kəsilməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlər nəticəsində bu əməldə şübhəli bilinən rayon sakinləri Hümmət Feyzullayev, Nüyvər Babayev, Sərxan Hümmətov, Taleh Abdullayev, Rüstəm Məhərrəmov və Qəmlo Nəsirli saxlanılıblar.

Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxslər ağacları qanunsuz kəsərək emal edib, daha sonra satışa çıxarıblar.

Əraziyə baxış zamanı qanunsuz kəsilmiş 100-dən artıq fıstıq ağacının kökləri aşkarlanıb. Ekspert rəyinə əsasən, kəsilən ağacların bəzilərinin yaşının 100-150 il olduğu müəyyən edilib.

Hazırda qanunsuz ağackəsmə hallarının qarşısının alınması, digər aidiyyəti şəxslərin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması istiqamətində araşdırmalar davam etdirilir.

DİN və ETSN vətəndaşları yaşıllıqların qorunmasına həssas yanaşmağa, ağacların qanunsuz kəsilməsi, məhv edilməsi və ya zədələnməsi halları ilə qarşılaşdıqda dərhal polisə məlumat verməyə çağırıb.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər