Bakıda civə satmaq istəyən şəxslər saxlanılıb

Bakıda insan sağlamlığına güclü təsir göstərən zərərli kimyəvi maddə hesab edilən civə satmaq istəyən şəxslər saxlanılıb.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin yerli idarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində Ağcabədi rayon sakinləri Tuqay İmanov, Adəm İsmayılov və əvvəllər məhkum olunmuş Hacı Qurbanov 400 qram civəni satmaq istəyən zaman cinayət başında saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, əvvəlcə A.İsmayılov onda civə olması barədə dəstənin digər üzvlərinə məlumat verib. Daha sonra H.Qurbanov həmin civəyə müştəri tapıb satmağı və əldə olunan pulu üç nəfər arasında bölməyi təklif edib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
1news.az