Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

21:48 - 16 / 02 / 2018
Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 130-230, Lənkəran-Astara bölgəsi çaylarında  100-150, Naxçıvan MR çaylarında isə 170  faizini təşkil edir.

Tranzit çaylarda hazırkı vəziyyətlə bağlı bildirilib ki, fevralın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 200 m3/s olmaqla ongünlük normanın 117 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 135 m3/s olmaqla ongünlük normanın 79 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 45 m3/s olmaqla, ongünlük normanın 76 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 59 m3/s təşkil edərək ongünlük normanın 84  faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırkı vəziyyətə gəlincə, fevralın 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 13, Şirvanda 8, Salyanda 6, Araz çayının Novruzlu məntəqəsində 15 sm artım qeydə alınıb, lakin  Bankədə isə suyun səviyyəsində 1 sm azalma müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 348 sm (2017-ci il fevralın 16-da 479 sm), Şirvanda 201 sm (2017-ci il fevralın 16-da 349 sm), Salyanda 159 sm (2017-ci il fevralın 16-da 329 sm), Bankədə 176 sm (2017-ci il fevralın 16-da 249 sm), Araz çayının Novruzlu məntəqəsində isə 95 sm (2017-ci il fevralın 16-da 200 sm) təşkil edir. 

1news.az

Paylaş:
168

Son xəbərlər

Bütün xəbərlər