Mübariz Əhmədoğlu: ATƏT MQ həmsədrləri erməni ordusundakı ölümlərin genezisini öyrənməlidir
Vasitəçilərin regiona son səfərindən sonra yaydıqları bəyanatda atəşkəs rejiminin pozulması yenidən ön plana çıxdı. Son bir neçə bəyanatlarında danışıqların intensivləşdirilməsi əsas tövsiyə idi.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistandakı vəziyyətlə bağlı açıqlamanı şərh edərkən bildirib:
“Bu, Ermənistanı qane etmirdi. Buna görə Ermənistan qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədində yenidən hərbi təxribatları aktuallaşdırdı. Qoşunların təmas xəttində əvvəlcə bir və sonra digər erməni hərbçisinin ölməsi ilə bağlı həm Azərbaycan, həm də Ermənistanın Müdafiə Nazirliyi və onun Azərbaycanın işğal olunmuş ərazilərindəki törəmə qurumu məlumat yaydılar. Fakt budur ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqətə daha çox oxşayır.
Eyni hadisə Ermənistan-Azərbaycan dövlət sərhədində də baş verdi Ermənistanın Müdafiə Nazirliyinin bu insidentlə bağlı yaydığı məlumatda aksent yandırılan “UAZ” markalı maşının Ermənistana məxsus olmaması üzərindədir. “UAZ”-ın digər qonşu dövlətlərdən hər hansı birinə məxsusluğu da istisna edilmir”.
Politoloqun fikrincə, 2015-ci ildə də erməni hərbçiləri RF dövlət nömrə nişanlı yük avtomobili ilə dövlət sərhədində manevrlər etməklə Azərbaycan hərbçilərinin diqqətini cəlb edə bildilər.
“Nəticədə, Azərbaycan hərbçiləri RF-in Şimali Osetiya regionunda yaşayan erməniyə məxsus, RF dövlət nömrə nişanlı iri qabaritli yük avtomobilini sıradan çıxartdılar.
Həmsədrlər qəbul etmək istəmirlər ki, həm qoşunların təmas xəttində, həm də dövlət sərhədində atəşkəs rejiminin pozulmasında ermənilər hədsiz maraqlıdırlar. Qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqla Ermənistan insidentlərin tədqiqi mexanizmlərinin zəruriliyini və ümumilikdə qoşunların təmas xətti mövzusunun aktuallığını əsaslandırırlar. Bununla da qoşunların təmas xətti anlayışına “sərhəd” məzmunu vermək istəyirlər.
Dövlət sərhədində insident törətməklə Ermənistan Rusiyanı Azərbaycana qarşı hərbi təxribata çəkmək istəyir. Çünki Ermənistanın RF-lə hərbi təhlükəsizlik müqaviləsi mövcuddur. Bu müqaviləyə görə Ermənistan Respublikasının sərhədlərinə təhlükə yarandıqda RF Ermənistana kömək etməlidir”.
Mübariz Əhmədoğlunun fikrincə, əgər ermənilər Azərbaycan ordusundan qorxmasaydılar atəşkəs rejimini tez-tez pozardılar:
“Azərbaycan ordusu son illərdə erməni təxribatlarına kəskin cavab verir. Amma buna baxmayaraq ermənilər əllərinə imkan düşən kimi atəşkəs rejimini pozurlar.
Təəssüf ki, həmsədrlər məsələnin bu tərəfini nəzərə almadan atəşkəs rejiminin pozulmasında əksərən Azərbaycanı günahkar göstərməyə cəhd edirlər. Bu ermənilərin marağına tam cavab verir. Vasitəçilərin belə məsələləri nəzərə almamasının ucbatından indi orduda ermənilər bir-birini qırırlar. Rəsmi statistikaya görə 2017-ci ildə işğal olunmuş Azərbaycan ərazilərindəki erməni ordusu 60 itki verib. Erməni mənbələrinə görə bunlardan yalnız 22-si Azərbaycan hərbçilərinin açdığı atəş nəticəsində ölüb. Qalan 38-ni isə digər erməni öldürüb. Ermənilərin öldürdüyü erməni hərbçilərinin sayı azərbaycanlıların öldürdüyü ermənilərin sayından təxminən 2 dəfə çoxdur. Beləliklə, S.Sərkisyan atəşkəs rejiminin pozulması məsələsini uzun müddət gündəlikdə saxlaya bilər. ATƏT MQ həmsədrləri bu işdə S.Sərkisyana yardımçı olurlar. Söhbət erməni hərbçisinin işğal olunmuş Azərbaycan ərazisindəki ölümündən gedirsə, bu erməninin hansı səbəbdən və kim tərəfindən öldürülməsi diqqətlə araşdırılmalıdır. Belə alınır ki, həmsədrlər işğal olunmuş Azərbaycan ərazilərindəki Ermənistan ordusundakı ölümlərin genezisini, mənşəyini araşdırmaqda maraqlı deyil və bununla da münaqişənin davamında maraqlı olduqlarını nümayiş etdirirlər”.
S.Xankişiyeva