İctimai Radioda YUNESKO-nun xüsusi verilişi yayımlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İctimai Radioda YUNESKO-nun xüsusi verilişi yayımlanıb

12:09 - 16 / 02 / 2018
İctimai Radioda YUNESKO-nun xüsusi verilişi yayımlanıb

Fevralın 13-də İctimai Radioda YUNESKO-nun Dünya Radio Gününə həsr olunmuş xüsusi verilişi yayımlanıb.

1news.az-ın məlumatına görə, verilişin yayımı YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının təşəbbüsü və Azərbaycanın Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub.

Qeyd edək ki, YUNESKO tərəfindən hər ilin 13 fevral tarixi Dünya Radio Günü kimi qeyd olunur və tədbirin bu ilki mövzusu “Radio və İdman” mövzusuna həsr olunub.

Tədbirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri-YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov və Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova iştirak ediblər.

Elnur Sultanov Azərbaycanın YUNESKO ilə əməkdaşlığının tarixi, son 25 il ərzində Milli Komissiyanın ölkəmizin aidiyyəti dövlət qurumları, YUNESKO və üzv dövlətlər ilə birgə əməkdaşlıq çərçivəsində gördüyü önəmli işlərdən danışıb.

Azərbaycan ilə YUNESKO arasında mövcud olan sıx əlaqələrin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri haqda danışan Elnur Sultanov, Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycanın 2 maddi və 11 qeyri-maddi mədəni irs nümunələrinin YUNESKO-nun müvafiq siyahılarında yer aldığını bildirib və bu səpkidə “Çovqan, Qarabağın ənənəvi atüstü oyunu” barəsində ətraflı məlumat verib.

Öz növbəsində, Səmayə Məmmədova radionun dünya və Azərbaycan məkanındakı önəmli rolu və ölkəmizin gənclər və idman fəaliyyəti sahəsində YUNESKO ilə əməkdaşlığı haqda dinləyicilərə geniş məlumat verib.

1news.az

Paylaş:
548

Son xəbərlər

Bütün xəbərlər