Politoloq: İlham Əliyevin İrəvanla bağlı bəyanatı Sarkisyanın gündəliyini müəyyənləşdirir
Ermənistan prezidenti Serj Sarkisyanın Münhen Təhlükəsizlik Konfransında iştirakı sürpriz və ya sensasiya kimi dəyərləndirilməlidir. Çünki belə tədbirlərdə iştirak etmək Ermənistanın maraqlarına uyğun deyil.
1news.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloqun fikrincə, bu, təkcə maliyyə imkanlarının azlığı ilə əlaqəli deyil: "Belə tədbirlərdə çox kəskin suallar verilə bilər. O kontekstdən Sarkisyan Münhen konfransına gedərək panel iclaslarına qatılması xüsusi hal kimi dəyərləndirilməlidir. Bu xüsusi halın səbəbləri diqqət çəkir.
Birincisi, ehtimal ki, baş nazir K.Karapetyanın 9 illik fasilədən sonra Ermənistanın yüksək çinli rəsmisi statusunda Davos forumunda iştirakı Sarkisyanı “qıcıqlandırıb”. O, daxili auditoriyaya nümayiş etdirmək istəyir ki, mən də beynəlxalq konfranslarda iştirak edə bilirəm.
İkincisi Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik konfransında iştirak etməməsi Ermənistan prezidentı Sarkisyanı bu il bu tədbirdə iştiraka şirnikəşdirib.
Nəhayət, İlham Əliyevin Yerevanın Azərbaycana məxsusluğu ilə bağlı növbəti bəyanatı Ermənistan rəhbərliyinə çox ciddi təsir edib. Buna görə o, Münhen Təhlükəsizlik Konfransına üz tutub. 2016-cı il aprel döyüşlərindən sonra Sarkisyan Almaniyaya “qaçmışdı”. O zaman verdiyi bəyanatlar da yaddan çıxmayıb. İndi də Sarkisyan real vəziyyətə yaxın bəyanatlar verdi: “Avropa reaksiya verməsə, İlham Əliyevin İrəvanın Azərbaycana məxsusluğu ilə bağlı bəyanatı ciddi fəsadlar yarada bilər”. Prezident İlham Əliyev dəfələrlə İrəvanın Azərbaycana məxsusluğu barədə bəyanatlar verib. Görünür, Ermənistan və Azərbaycan qoşunlarının konfiqurasiyasında baş verənlərlə eyni vaxta düşdüyü üçün Sarkisyan məhz indi həyəcan təbili çalır.
Eyni zamanda Sarkisyan məhz Avropadan dəstək istəyir. Rusiyanın bu məsələdə ona dəstək verməyəcəyini düşünür. RF XİN rəsmisi M.Zaxarovanın müvafiq bəyanatı Azərbaycan tərəfdən tənqidə layiq olsa da, Ermənistanı qane edən mövqe deyil. Ehtimal ki, Avropa da Sarkisyana dəstək verməyəcək. Çünki Avropanı da dəfələrlə aldadıb, onu şantaja çəkib. Fransa XİN-in bəyanatı bunu sübut etdi; Fransanın bəyanatı da Ermənistanın arzuladığı deyil.
Belə olan təqdirdə Sarkisyan Dağlıq Qarabağ tənzimlənməsinin mümkün qədər tez baş verməsi tezisini aktuallaşdırır. Amma burada hər şey Sarkisyanın özündən asılıdır. Azərbaycanda Prezident seçkiləri kampaniyasının başa çatmasını gözləməyə ehtiyac yoxdur. Qoşunlarını Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarmalıdır".
1news.az