Günahsız viranə Xocalım mənim!

Bu gün erməni canilərinin günahsız dinc sakinlərə qarşı törətdiyi Xocalı soyqırımından 26 il keçir.
Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri kimi bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş bir cinayətdir.
Həmin gecə - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dünyada çox az görülmüş dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, bəlkə də yer üzü belə müsibət, belə vəhşilik görməyib. Dinc əhalinin ev-eşiklərinə od vuruldu, torpaq qana boyandı.
Düşmən qocaya, qadına, xəstəyə aman vermədi, qarşısına çıxan hər kəsə divan tutdu. Hətta südəmər körpələrə belə rəhm edilmədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirildilər. O qarlı, şaxtalı gecədə aramsız güllə yağışından qurtulub ayaqyalın, başıaçıq meşələrə, dağlara qaçanların çoxu pusquya düşərək gülləbaran edildi. Hər tərəfdə silahlı ermənilər dinc əhaliyə amansız divan tutdular. Hamilə qadınların bətnindəki körpələri süngüyə taxmaqdan belə çəkinmədilər.
Həmin gecə əsl müsibət yaşadı Xocalı sakinləri. Bu müsibəti törədən, uşaq, qadın, qoca, xəstə demədən hər kəsi amansızlıqla öldürən erməniləri bəşəriyyət heç vaxt bağışlamayacaq.
Azərbaycan xalqı və dövləti həmin faciəni heç vaxt unutmur və unutmayacaq. Həmin gecə Xocalı sakinlərinin üzləşdikləri müsibətlərin hansı birini deyəsən, hansı birini yazasan? Qələm acizdir bu vəhşilikləri təsvir etməyə.
Bu vəhşiliklər həmişə, hər yerdə özlərini “məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan bir xalq” kimi təqdim edən ermənilərin xislətini, iç üzünü açıb bütün dünyaya göstərdi. Əminəm ki, zamanla haqq öz tərəzisinə qoyulacaq və bu cinayətin cavabı veriləcək.
Xocalım!
Ötdü üstündən qanlı yelləri,
Dağıtdı yurdumu mənfur əlləri.
Əsir getdi qız-gəlinləri,
Sağ qalan şahidin hər kəlmələri, Elə hey qisas deyir.
Günahsız viranə Xocalım mənim!
Üstündən ötdükcə illər o andan
Günahsız yüzlərlə bədənlərdən can.
Erməni uşağı taxıb süngüyə,
Haqq olduğun bildirir alçaq birliyə.
Vəhşilik etdilər, ölü-diriyə
Qıydılar qocaya, körpə, xəstəyə
Dünya susub, dinmir bu vəhşiliyə.
Günahsız viranə Xocalım mənim!
Günahsız viranə Xocalım mənim!
Aydın Tağıyev