Temperatur 5-8 dərəcə aşağı enəcək, yağış və qar yağacaq, güclü külək əsəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Temperatur 5-8 dərəcə aşağı enəcək, yağış və qar yağacaq, güclü külək əsəcək

13:11 - 07 / 03 / 2018
Temperatur 5-8 dərəcə aşağı enəcək, yağış və qar yağacaq, güclü külək əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mart ayının 8-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 11-16, bəzi yerlərdə 19, Bakıda gecə 5-7, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 760 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-6, gündüz 15-20, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, martın 9-u gündüzdən martın 10-u gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi, temperaturun ötən günlərlə müqayisədə aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Meteoroloqların xəbərdarlığına görə, Bakıda və Abşeron yarımadasında martın 9-u günün ikinci yarısından martın 10-u səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə  5-7 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında martın 9-u gündüzdən martın 10-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Babək Cahandarov

Paylaş:
834

Son xəbərlər

Bütün xəbərlər