İrandan Azərbaycana keçmək istəyən Suriya vətəndaşı saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.
1news.az-ın DSX-nin mətbuat mərkəzinə istinadən verdiyi xəbərə görə, martın 7-də Lənkəran sərhəd dəstəsinin Astara şəhəri yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən nəzarət-iz zolağında İran ərazisindən Azərbaycan istiqamətində naməlum şəxsin ayaq izləri aşkar olunub.
Təxirəsalınmaz sərhəd axtarışı tədbirləri nəticəsində sərhəd pozucusu Astara-Ərçivan magistral yolunda yanacaq-doldurma məntəqəsinin yaxınlığında saxlanılıb, 1990-cı il təvəllüdlü Suriya vətəndaşı Tahir Əli Əbdülsalam oğlu olması müəyyənləşdirilib.
Sərhəd pozucusunun üzərindən 2 ədəd özünə məxsus Suriya vətəndaşının pasportu, 2 ədəd qovluqda Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Belarusiyanın xəritələri, 1 ədəd dini kitab, 578 ABŞ dolları, 1300 avro, 170000 İran rialı aşkar olunub.
Fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
1news.az