Təhsil Nazirliyi və DİM Yevlaxda baş verən qəza barədə birgə məlumat yayıb

Bu gün respublikamızın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin məzunları üçün ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imthanının birinci mərhələsi keçirilib.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin yaydığı birgə məlumatda qeyd edilir.
Məlumata görə, bu imtahanda iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus Yevlax rayonu ərazisində qəzaya uğrayıb:
“Hadisə zamanı xəsarət alanlardan 12 nəfəri Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların xəsarəti yüngül olduğundan ilkin tibbi yardımdan sonra xəstəxanadan evlərinə buraxılıblar. Digər 5 nəfər xəsarət alan şəxs Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Şagirdlərdən 3 nəfərin vəziyyəti qənaətbəxşdir və müalicəsi davam etdirilir. Qəza nəticəsində kəllə-beyin travması almış 1 şagird və məktəbin əməkdaşının müalicəsini davam etdirməsi üçün Səhiyyə Nazirliyi tərəfindən Bakı şəhərindən həkim briqadası ezam olunub. Hazırda Təhsil Nazirliyinin və DİM-in rəsmiləri Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasındadır.
Qəza zamanı xəsarət alanlara şəfa diləyir və tezliklə normal həyatlarına qovuşmalarını arzu edirik!”
S.Xankişiyeva