Bakıda Hindistan məhsullarının sərgisi və Bollivud festivalı keçiriləcək

Hindistanın Ticarət və Sənaye Palatası 13-16 mart tarixlərində Bakıda Hindistan məhsullarının sərgisini təşkil edəcək.
1news.az xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana bu gün keçirdiyi mətbuat konfransında deyib. O, martın 13-də Hindistan-Azərbaycan biznes forumunun keçiriləcəyin də diqqətə çatdırıb.
Səfir bildirib ki, bu tədbirlər Azərbaycanda Ticarət və Sənaye Palatası, AZPROMO və Sahibkarlar Konfederasiyası ilə birgə keçiriləcək. Həmçinin, bu qurumlarla ayrılıqda anlaşma memorandumu imzalanacaq.
Hindistanın Ticarət və Sənaye Palatasının komitə sədri Purshottam Bhaqeria isə bildirib ki, “Hindistanın ən yaxşıları” sərgisi çərçivəsində ölkənin 95 şirkəti elektrik və elektron məhsulları, ədviyyatlar, zərgərlik məhsulları, çay, düyü, məişət əşyaları və s. nümayiş etdiriləcək. Bununla yanaşı Hindistan mətbəxi, Bollivud festivalı təqdim olunacaq.
“Hindistanla Azərbaycan arasında çox yaxşı əlaqələr, daimi dialoq var. İkitərəfli əməkdaşlıq imkanları hədsizdir və əlaqələrin inkişafı üçün davamlı cəhdlər göstərilir. Bu tədbirlər əlaqələrin inkişafına bir təkan olacaq”- deyə, P.Bhaqeria vurğulayıb.
P.Sultanova