Bu il daha 2 rayonda "ASAN xidmət" açılacaq

Prezident Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Mingəçevir "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb.
1news.az-ın məlumatına görə, martın 12-də mərkəzə ilk müraciət qeydə alınıb. Belə ki, İlqar Həsənli Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb.
“ASAN xidmət” mərkəzinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov bildirib ki, Mingəçevir "ASAN xidmət" mərkəzi Mingəçevir şəhəri ilə yanaşı Yevlax və Ağdaş rayonlarında qeydiyyatda olan 340 minə yaxın vətəndaşa xidmət göstərəcək. Mingəçevir "ASAN xidmət" mərkəzi özündə digər ictimai iaşə obyektlərini birləşdirir. Vətəndaşlar operativ xidmətlə yanaşı, burada yaradılmış əyləncə və istirahət imkanlarından da yararlana biləcəklər. Məlumata görə, ilk gündə mərkəzə 600-ə yaxın müraciət qeydə alınıb.
Anar Hüseynov 2020-ci ilə qədər "ASAN xidmət" mərkəzlərinin sayının 20-yə çatdırılacağını vurğulayıb: "Hazırda 13 "ASAN xidmət" mərkəzi mövcuddur. Bunlardan 5-i Bakıda, 8-i isə regionlardadır. Növbəti illərdə daha 7 mərkəz istifadəyə veriləcək. Belə ki, bu il Şəki və İmişlidə, sonrakı illərdə isə Tovuz, Şamaxı, Ağcabədi, Cəlilabad və Kürdəmir rayonlarında da "ASAN xidmət" mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub. Beləliklə, 2020-ci ilə qədər "ASAN xidmət" mərkəzlərinin sayı 20-yə çatdırılacaq".
Babək Cahandarov