Saloğluda 12 ədəd raket tapıldı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağstafa rayonunun Saloğlu qəsəbəsində keçirdiyi əməliyyatla bağlı məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, martın 15-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Ağstafa rayonu, Saloğlu qəsəbəsində mərminin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib.
Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 12 ədəd raket (8 ədəd 122 mm-lik 9M22U raketi və 4 ədəd 200 mm-lik MD-20F raketi) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş raketlərin ətrafında 30 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
1news.az