Aprel döyüşləri həyata keçirəcəyimiz böyük bir hücumun ilk addımıdır – RƏYLƏR | 1news.az | Xəbərlər
Cəmiyyət

Aprel döyüşləri həyata keçirəcəyimiz böyük bir hücumun ilk addımıdır – RƏYLƏR

16:30 - 02 / 04 / 2018
Aprel döyüşləri həyata keçirəcəyimiz böyük bir hücumun ilk addımıdır – RƏYLƏR

Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan Ordusu hər hansı döyüş tapşırığını yerinə yetirməyə tam hazırdır.

Bunu 1news.az-a açıqlamasında hərbi ekspert, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov 2016-cı ilin 2-6 aprel tarixlərində baş vermiş Aprel döyüşlərinin ildönümü ilə bağlı danışarkən deyib:

“Aprel hadisələri Azərbaycanın hərb tarixində özünəməxsus yer tutur. Bu döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənlə təmas nöqtəsində yerləşən yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etməklə yanaşı, bir sıra strateji yüksəklikləri ələ keçirdilər. Bununla bir daha göstərdik ki, Azərbaycan Ordusu hər hansı döyüş tapşırığını yerinə yetirməyə tam hazırdır. Ermənistan tərəfinin 20 ildir qurduğu Ohanyan səddi adlandırdığı və keçilməz hesab etdikləri müdafiə xəttinin ordumuzun məhdud sayda kontingentinin iştirakı ilə qısa zamanda yarılması bunu bir daha sübut edir”.

Şair Ramaldanov Aprel zəfərinin 1994-cü ildə həyata keçirilmiş Horadiz əməliyyatından sonra Ordumuzun ikinci böyük uğurlu əməliyyatı olduğunu vurğulayıb:

“Məlum olduğu kimi, 1994-cü ilin yanvar ayında Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə Horadiz əməliyyatı keçirilmiş və bu əməliyyat nəticəsində 22 yaşayış məntəqəsi düşməndən azad edilmişdi. Bu əməliyyatdan sonra atəşkəs dövrü olduğu üçün Ordumuzun elə bir uğurlu əməliyyatı olmamışdı. Ancaq aprel hadisələri göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdir”.

Aprel döyüşlərinin Azərbaycandan fərqli olaraq Ermənistan tərəfində böyük ruh düşkünlüyü yaratdığını deyən ekspertin sözlərinə görə, bu döyüşlər nə qədər Azərbaycan cəmiyyətini birləşdirdisə, Ermənistanda bir o qədər parçalanma yaratdı:

“Cəmiyyat, xüsusən də əsgər anaları ayağa qalxdı, çoxsaylı mitinqlər keçirildi, Ermənistan Müdafiə Nazirliyinin bir neçə generalı işdən çıxarıldı, həbs olundu, hətta müdafiə naziri belə istefaya göndərildi. Ən əsası Ermənistan cəmiyyəti anladı ki, üzləşdikləri fəlakətdən qurtulmağın yeganə yolu işğal etdikləri torpaqlardan geri çəkilməkdir.

Aprel hadisələri demək olar ki, Azərbaycan Silahlı Qüvvələri üçün bir məşq oldu. Bəlkə də bu böyük bir qayıdışın, torpaqlarımızın işğaldan azad edilməsi üçün keçiriləcək böyük bir hücumun ilk addımıdır. İnşAllah digər addımlar da olacaq.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə hesab edir ki, Azərbaycan Ordusunun bütün qoşun növləri Aprel hadisələri zamanı istifadə olunsaydı nəticə tam fərqli olardı:

“Həmin dövrdə bizim geniş hərbi əməliyyatlar aparmaq məqsədimiz yox idi. Azərbaycan Silahlı Qüvvələri sadəcə xüsusi təyinatlıların əməliyyatına kiçik bir dəstək verdi. Nəticədə düşmən işğal etdiyi bir sıra mövqeləri qoyaraq qaçdı. Ermənistan silahlı qüvvələrinin elə bir gücü yoxdur ki, Azərbaycan Ordusuna müqavimət göstərsin. Əminliklə demək olar ki, bütün qoşun növləri Aprel hadisələri zamanı istifadə olunsaydı nəticə tam fərqli olardı”.

Üzeyir Cəfərov da Aprel hadisələrini 1994-cü ildə həyata keçirilmiş Horadiz əməliyyatından sonra Ordumuzun ikinci böyük uğuru adlandırıb:

“Apreldə qazanılan uğur onunla əlamətdar oldu ki, bu Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü ildə həyata keçirilmiş Horadiz əməliyyatından sonra düşmənə vurduğu ikinci sarsıdıcı zərbə idi. Düşmənə də, onun havadarlarına da xatırlatmalıyıq ki, əgər bunu etmişiksə, gələcəkdə bundan da artığını edə bilərik. İstər insan resursları, istərsə də hərbi resurslar baxımından Azərbaycan Ermənistandan qat-qat güclüdür. Bunu dünya dövlətləri də, Ermənistanın özü də bilir. Sadəcə bəzi dövlətlərin Ermənistanı himayə etməsinin nəticəsidir ki, bu günə qədər münaqişə həll olunmamış qalır. Lakin onlar dərk etməlidirlər ki, Azərbaycan Ordusu qısa bir zamanda ərazi bötüvlüyün və suverenliyini tam şəkildə bərpa etməyə qadirdir”.

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Kəlbəcər rayonunun işğalı və aprel döyüşlərinin ildönümü ilə əlaqədar bəyanat yayıb. XİN sözçüsü bəyanatında bildirib ki, 2 aprel 2016-cı ildə qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi və Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca sıx yaşayan mülki əhalini ağır silahlardan atəşə tutması bir daha göstərdi ki, Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdiddir. Ermənistanın hücumlarına cavab olaraq, Azərbaycan silahlı qüvvələrinin əks-həmlə tədbirləri nəticəsində mülki Azərbaycan əhalisinin təhlükəsizliyi təmin edildi və strateji əhəmiyyət daşıyan Azərbaycan əraziləri işğaldan azad edildi.



“Ermənistan başa düşməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı müvəqqəti xarakter daşıyır. Davamlı və uzunmüddətli nizamlanmaya nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsidir.

Ermənistan tərəfi əbəs yerə vaxt itirmək və öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə təcavüz və etnik təmizləmə siyasətinə son qoymalı, beynəlxalq öhdəliklərinə əməl etməli və münaqişənin nizamlanması prosesinə konstruktiv şəkildə iştirak etməlidir.

İşğala əsaslanan mövcud status-kvo vəziyyətinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”- deyə, Hikmət Hacıyev qeyd edib.

Babək Cahandarov

Paylaş:
1235

Son xəbərlər

Bütün xəbərlər