Jurnalistlərə “küçük” deyən akademikdən etiraf : Görünür daha dözümlü olmalı idim

Bir neçə gün əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya institunun direktoru akademik Ramiz Məmmədov jurnalistlərin ünvanına təhqiramiz ifadələr işlətdi, hətta onlara “küçük” deməkdən çəkinmədi. Akademikin təhqirləri təkcə media deyil, ictimaiyyət nümayəndələri tərəfindən böyük narazılıqla qarşılandı. Elm adamı, ziyalı bir şəxs necə ola bilər ki, ölkədə dördüncü hakimiyyət sayılan media nümayəndələrini belə ağır təhqir etsin? Jurnalistləri “küçük” “bezdarnı” adlandıran akademik sözlərinə davam edərək “Azərbaycanda bir nəfər belə savadlı jurnalist yoxdur” deyib.
Qeyd edək ki, modern.az saytının əməkdaş Ramiz Məmmədova küləkli hava şəraitinin hansı hallarda daha ciddi təhlükə yaratdığı və digər bu kimi suallar ünvanlayıb.
Saytın yazdığına görə, akademik suallara cavab vermək əvəzinə Azərbaycan jurnalistlərinin ünvanına təhqirlər yağdırmağa başlayıb və bunları deyib:
“Siz jurnalistlər hamınız məni biabır etmisiniz. Nə açıqlama verəcəm?! Azərbaycan jurnalistləri “bezdarnı”, savadsız, heç nəyə yarayan deyillər. Azərbaycanda bir dənə də olsun jurnalist yoxdur”.
Onun dediklərinin ayıb olduğunu bildirdikdə isə “bayaq “küçük” sözü dedim haaa, Azərbaycandakı jurnalistlər o sözdən artığına layiq deyillər. Elə beləcə də yaz!” söyləyib...”.
Əvvəlcə özünə bəraət qazandırmağa çalışan R.Məmmədov “küçük” ifadəsini onun adından “daha Azərbaycanda qar yağmayacaq” fikrini yazan bir jurnalisstə şamil etdiyini bildirib. Bu fikir mətbuatda yayılnadan sonra isə Telman Zeynalov adlı QHT rəhbəri alimin ünvanına təhqiramiz ifadələr işlədib. Yəni R.Məmmədov bütün hirsini, əsəbini jurnalistlərin üzərinə töküb və ən ağır ifadələri işlədib.
İstənilən halda akademikin cəmiyyətin aynası sayılan medianı təhqirlərinə bəraət qazandırmaq olmaz. Ən yaxşı halda adından özünün dediyinə görə yanlış verilmiş həmin açıqlamaya görə başqa addım ata bilərdi. Məsələn, mətbuatla rəsmi sorğu əsasında işləmək, verdiyi açıqlamanın özü təsdiq edəndən sonra yayımlamaq və s. Yəni təhqirsiz, filansız bir yol tapmaq olardı. Amma görünür akademik ən pis variantı seçib. Yaşına, cəmiyyətdəki mövqeyinə, tutduğu vəzifəyə layiq olmyan ifadələr işlədib. Məlum açıqlamadan sonra Azərbaycan jurnalistləri haqqında öz fikrində qaldığını, dediyi sözləri təsdiqlədiyini dəfələrlə vurğulasa da, sonradan geriyə addım atmağa məcbur oldu. Onun mətbuata açıqlamasında deyilir:
"Hörmətli ictimaiyyət nümayəndələri və media mənsubları, hamınızı salamlayır, ehtiramımı bildirirəm. Mən elm adamıyam. Təbiət və ətraf mühitin aktual problemləri ilə məşğulam və biz Azərbaycanın milli maraqlarına uyğun gələn layihələrin elmi-nəzəri əsaslarını hazırlayırıq. Əsas tədqiqat sahəm Xəzər dənizidir, bu sahədə Avropa İttifaqının Çərçivə Proqramlarının, NATO-nun Elm Sülh Naminə və ABŞ-ın Mülki Tədqiqatlar Fondlarının və bir sıra digər beynəlxalq təşkilatların qrantlarına layiq görülmüşəm, 20-yə qədər beynəlxalq layihənin rəhbəri olmuşam və bununla da fəxr edirəm. Ona görə ki, bu layihələrə nail omaq üçün mən dünyanın bu sahədə işləyən görkəmli alimləri ilə yarışmışam və qalib çıxmışam, bu təşkilatların saytlarında bir azərbaycanlı kimi mənim də adım var”.
Akademik fikirlərini davam edərək yazıb: “Son vaxtlar ayrı-ayrı sayt və mətbuat orqanlaırda bir qeyri-profesional jurnalistin məsuliyyətsizliyi ucbatından işgüzar nüfuzuma xələl gətirən, olmayan açıqlamamın getməsindən müəyyən qədər emosional vəziyyətdə ifadə etdiyim fikir müzakirə olunmaqdadır. Mümkündür ki, fikrim əsəbi vəziyyətdə olduğum üçün kəskin alınıb. Fikrim profesional, öz işini bilən, qələminə ehtiramlı jurnalistikaya yönəlməyib. Bu bir nəfərin qeyri-obyektivliyinə yönələn ifadə olmaqla hesab edirəm ki, doğru deyil. Görünür daha dözümlü olmalı idim.
Ancaq bununla birlikdə yenə də təssüflə təsdiq edirəm ki, bizim jurnalistlərin içərisində professional olmayan, öz işinə məsuliyyətsiz yanaşanlar da vardır. Bu səbəbdən beynəlxalq səviyyəyə çıxa bilmirlər və bir azərbaycanlı kimi bu məni narahat edir.
Əlbəttə, hər sahədə olduğu kimi Azərbaycanda jurnalistika sahəsində də müəyyən inkişaf var, anacaq hələ bu, azdır. Hər sahədə olduğu kimi bu sahədə də qeyri-profesionallar, saxtakarlığa meylli olanlar, qələminə hörmət etməyənlər ola bilər. Mən öz işinə yüksək profesionallıqla yanaşan qələm əhlinə hər zaman ehtiramlı olmuşam, nə qədər işim çox olsa da onları qəbul etmişəm, suallarını cavablandırmışam və bu mövqeyimi bir epizod dəyişə bilməz. Bu kateqoriya jurnalistlərə peşəkarlıq səviyyələrini artırmaq sahəsində fədakarlıqlar arzulayıram.
Bildirirəm ki, məşğul olduğum sahə ilə bağlı hər zaman qapımız peşəkar jurnalistlərin üzünə açıqdır. Hesab edirəm ki, bu xoşagəlməyən məqamı unudaraq, gələcək əməkdaşlığımız haqqında düşünməli, bu əməkdaşlığın Azərbaycanımızın xeyrinə olmasına çalışmalıyıq”.
Belə, Ramiz Məmmədov açıqlamada birbaşa üzr istəməsə də, hərəkətlərinin yanlış olduğunu və bütün jurnalistlərin hədəf götürülməsinin, akademikə yaraşmayan təhqiramiz ifadələrin işlədilməsinin doğru olmadığını anlayıb. Necə ki, jurnalistlər hansısa sahədən tənqidi material hazırlayarkən o sahədə çalışan hər kəsi hədəf götürmürlər. Yəqin ki, bu, həm də akdemikə bir dərs oldu.
1news.az