Bir qrup iqtisadçı-ekspert və KİV nümayəndəsi Neftçala Sənaye Məhəlləsi ilə tanış olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir qrup iqtisadçı-ekspert və KİV nümayəndəsi Neftçala Sənaye Məhəlləsi ilə tanış olub - FOTO

17:00 - 05 / 04 / 2018
Bir qrup iqtisadçı-ekspert və KİV nümayəndəsi Neftçala Sənaye Məhəlləsi ilə tanış olub - FOTO

Aprelin 5-də bir qrup iqtisadçı-ekspert və KİV nümayəndəsi Neftçala Sənaye Məhəlləsində olub, burada görülən işlər və bu yaxınlarda istifadəyə verilmiş “Khazar” Avtomobil Zavodunun fəaliyyəti ilə əyani tanış olublar.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, ekspertlər və KİV nümayəndələri “Khazar” Avtomobil Zavodunun istehsal prosesi və hazır avtomobilləri ilə tanış olub, onları maraqlandıran sualları cavablandırılıb.

Məlumat verilib ki, martın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani tərəfindən Azərbaycan-İran biznes forumu çərçivəsində açılışı edilmiş “Khazar” Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsindəki ən iri müəssisədir. Zavod regionun inkişafında, yeni iş yerlərinin yaradılmasında, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artmasında, eləcə də Azərbaycan-İran iqtisadi əlaqələrinin genişləndirilməsində əhəmiyyətli rola malikdir.

“Azərmaş” ASC və “İran Khodro” şirkətlərinin birgə yaratdığı zavodun ümumi dəyəri 15 milyon ABŞ dollarıdır. Zavodun səhmlərinin 75 faizi “Azərmaş” ASC-yə, 25 faizi isə “İran Khodro” şirkətinə məxsusdur. On hektar ərazidə tikilmiş avtomobil zavodunun illik istehsal gücü 10 min avtomobildir. Zavodda İran İslam Respublikası və Avropanın aparıcı ölkələrinin müasir texnologiyalar, avadanlıq və mexanizmləri əsasında "Runna", "Samand", "Soren", "Dena", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modelləri istehsal olunur. “Khazar” Avtomobil Zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur. Bu avtomobillər “Made in Azerbaijan” brendi altında həm yerli, həm də xarici bazarlara çıxarılacaq. İldə 2 min avtomobilin ixracı planlaşdırılır. Bu avtomobillərin MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixracı nəzərdə tutulur.

Bildirilib ki, “Khazar” Avtomobil Zavodunun tikintisi məqsədilə Azərbaycan dövləti tərəfindən xüsusi dəstək tədbirləri göstərilib, müxtəlif vergi güzəştləri və azadolmaları tətbiq edilib, zəruri infrastruktur yaradılıb. Bu dəstək tədbirləri nəticəsində zavodun tikintisi zamanı təqribən 5 milyon ABŞ dollarına qənaət edilib. Bütün bunlar isə avtomobillərin daha ucuz qiymətə istehsalında və satışında önəmli göstəriciləridir. Zavodda 300 nəfər işlə təmin olunacaq.

Neftçala Sənaye Məhəlləsində Avtomobil Zavodunun yaradılması bir sıra köməkçi istehsal və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır.

Qeyd edək ki, Neftçala Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 2017-ci il sentyabrın 24-də açılıb. Burada dövlət vəsaiti hesabına sahibkarlar üçün bütün infrastruktur yaradılıb. Belə ki, sənaye məhəlləsində 5 MVt gücündə transformator, 25 m3/saat sutəmizləyici qurğu, 100 m3/saat gücündə təbii qaz təchizatı, rabitə və nəqliyyat infrastrukturu sahibkarların istifadəsinə verilib, abadlıq işləri görülüb. Sənaye Məhəlləsinin ərazisində yüksək standartlara cavab verən 7 istehsal modulu, inzibati bina, texniki və köməkçi binalar tikilib.

Ekspertlər və media nümayəndələri Neftçala Sənaye Məhəlləsindəki digər istehsal müəssisələri ilə də tanış olublar. Bildirilib ki, sənaye məhəlləsində avtomobil zavodu ilə yanaşı, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar və hazır içkilər istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb, 500-ə yaxın daimi iş yeri açılıb.

Sənaye məhəlləsində sahibkarlara ümumi mühasibatlıq, hüquqi məsləhətlər, sığorta, poçt, texniki kitabxana, “start-up”lar üçün ofis, yeməkxana və tibbi xidmətlər göstərilir.

Sahibkarların marağı nəzərə alınaraq yeni layihələrin icrası məqsədilə Neftçala Sənaye Məhəlləsinin ərazisinin əlavə 10 hektar genişləndirilməsi nəzərdə tutulur və artıq müvafiq prosedurlara başlanılıb.

İqtisadçı-ekspert Vüqar Bayramov AZƏRTAC-a müsahibəsində Neftçala Sənaye Məhəlləsinin ölkə iqtisadiyyatında oynayacağı mühüm roldan danışaraq bildirib ki, belə sənaye məhəllələrində Azərbaycan brendi ilə yeni və keyfiyyətli ixracyönümlü məhsullar istehsal olunacaq. Bu isə ölkəyə valyutanın daxil olması baxımından vacibdir. Tanışlıq zamanı avtomobil zavodunda görülən işlər məmnunluq doğurur. Belə zavodun yaradılması həm məşğulluq, həm də innovativ istehsalın regionlara gətirilməsi baxımından vacibdir. Biz artıq regionlarda müasir texnologiyalar əsasında məhsul istehsalını müşahidə edə biləcəyik.

Sənaye məhəllələrinin yaradılmasını sahibkarlar üçün yeni imkan kimi qiymətləndirən V.Bayramov qeyd edib ki, dövlət regionlarda belə məhəllələr yaratmaqla infrastrukturu formalaşdırır, bu istiqamətdə vəsaitlər ayırır. Sahibkar isə öz növbəsində onun üçün yaradılmış bu əlverişli imkandan istifadə edir. Dövlət sahibkarlığın inkişafını təşviq edir, digər tərəfdən imkan verir ki, sərmayə qoyuluşları həyata keçirə bilsin. Bu, qeyri-neft istehsalının artırılması baxımından da vacibdir. Bir sözlə, regionlarda yaradılmaqda olan belə sənaye məhəllələri sahibkarlar üçün yeni imkanlar açır.

Digər iqtisadçı-ekspert Sabit Bağırov da Neftçala Sənaye Məhəlləsiin yaradılmasını, burada avtomobil zavodunun açılmasını hər bir azərbaycanlı üçün mühüm hadisə olduğunu vurğyulayıb. “Mən təxminən 22 il maşınqayırma sənayesində işləmişəm. Bu gün Azəbaycanda maşınqayırmanın canlanmasını müşahidə etmək mənə qürur hissi verir. Digər bölgələrimizdə də belə sənaye məhəllələrinin, istehsal müəssisələrinin açılması ölkəmizin qeyri-neft sektorunun inkişafına səbəb olacaq. Bu, yeni iş yerlərinin açılması, idxalın əvəzlənməsi, qeyri-neft sektorunun inkişafı deməkdir”, - deyə Sabit Bağırov qeyd edib.

S.Xankişiyeva

Paylaş:
1762

Son xəbərlər

Bütün xəbərlər