Füzulidə raket mərmisi aşkarlanıb - FOTO

Aprelin 16-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Gecəgözlü kəndində bir mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan 1news.az-a bildiriblər ki, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri ərazidə bir otlaq sahəsinə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində partlamış raket mərmisi aşkarlanıb. Həmin sursat agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərminin tapıldığı yerin ətrafında 300 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Yanvarın 1–dən aprelin 16-dək ANAMA tərəfindən 3444 partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə və tank əleyhinə üç mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 60 min 515 kvadratmetr ərazi yoxlanılıb.
1news.az