Ağac kəsintisi ilə bağlı toplanmış materiallar Baş Prokurorluğa göndərilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Qəbələ rayonu ərazisində nəzarət tədbirləri aparılıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, aparılan tədbirlər zamanı Vəndam bələdiyyəsinin mülkiyyətinə məxsus torpaq sahəsində yaş köküstə 3-16 sm diametrliyində müxtəlif cinsli ağac və kolların qanunvericiliyə zidd olaraq kəsilərək məhv edildiyi və ərazidə münbit torpaq qatının korlandığı aşkar edilib.
Araşdırma zamanı ağac və kolları məhv edən, münbit torpaq qatını korlayan şəxsin həmin torpaq sahəsinin icarədarı Qəbələ rayonu Vəndam kənd sakini Şahnəzərov Kənan Zakir oğlu olduğu müəyyən edilib.
Faktla bağlı Şahnəzərov Kənan Zakir oğlu barəsində akt tərtib edilmiş və ona təbiətə dəymiş 13104 ,52 manat ziyan hesablanıb.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozucusunun müvafiq məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlər görülür.
1news.az