Xalq artisti Fuad Poladov dəfn olunub – FOTO – VİDEO – YENİLƏNİB

Azərbaycanın Xalq artisti Fuad Poladov dəfn olunub.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, mərhum sənətkarla vida mərasimi başa çatandan sonra cənazə namazı qılınıb.
Fuad Poladov Bakıdakı “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.
11.26
Mərhum sənətkarın yaşadığı binanın həyətində yas çadırı qurulub.
Vida mərasimində teatr və kino xadmiləri, ictimaiyyət nümayəndələri iştirak edir. Ailəsindən bildirilib ki, vida mərasimi 14.00- dək davam edəcək.
Mərhum “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
F.Poladov vida mərasiminin evində keçirilməsini və “Qurd qapısı” qəbiristanlığında dəfn olunmasını özü vəsiyyət edib.
***
10.55
Xalq artisti Fuad Poladov vəfat edib.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə onun ailəsindən məlumat verilib. Bildirilib ki, F.Poladov mayın 4-də axşam saatlarında dünyasını dəyişib.
Fuad Poladovun cənazəsi bu gün saat 13:00-da öz evindən götürüləcək. O, “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Azərbaycan Dövlət İncəsənət Universitetinin “Dram və kino aktyorluğu” fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub.
20 mart 1987-ci ildə "Azərbaycanın xalq artisti" fəxri adını alıb.
Fuad Poladov 50-ə yaxın filmdə və tamaşada müxtəlif rolları böyük sənətkarlıqla ifa edib.
S.Xankişiyeva