Misirli diplomat Respublika Gənclər Kitabxanasını əməkdaşlığa dəvət edib

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivi ilə görüş keçirilib.
1news.az xəbər verir ki, Mərkəzin rəhbəri Əhməd Sami Elaydi kollektiv üzvlərinə Mərkəzin yaranma tarixi, fəaliyyəti, həyata keçirdiyi işlər barədə o cümlədən Mərkəzdə təşkil olunan ödənişsiz ərəb dili kursları barədə məlumat verib.
Bundan başqa, Misirin təhsil ocaqları, hər birində iki yüz mindən artıq tələbəsi olan universitetləri, beş milyondan artıq kitab fonduna, yüz milyondan artıq sənədlərə malik arxivi haqqında danışıb.
Mərkəzin kitabxanası ilə tanışlıq zamanı Əhməd Sami Elaydi bildirib ki, kitabxanada olan ədəbiyyatlardan başqa on minə yaxın elektron variantı olan kitablar da vardır.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva kitabxana, onun şöbələri, fəaliyyəti haqqında geniş məlumatla çıxış edib.
Mərkəzin rəhbəri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasını da birgə əməkdaşlığa, bir sıra layihələrdə iştiraka dəvət etdi. Görüşün sonunda müəllifi olduğu “Müstəqillik dövrü Azərbaycan romanı” kitabından üç nüsxə kitabxanaya hədiyyə edib.
P.Sultanova