Bakıda Aİ-Azərbaycan biznes forumu keçiriləcək
İqtisadiyyat naziri Şahin Mustafayev iyunun 5-də Bakıda keçiriləcək 500-dən artıq iştirakçının qatılacağı Aİ-Azərbaycan biznes forumunda çıxış edəcək.
Alman-Azərbaycan Xarici Ticarət Palatasından 1news.az-a verilən məlumata görə, tədbirdə Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun (DG NEAR) nümayəndəsi Lourens Meredit forumda salamlama nitqi ilə çıxış edəcək.
Bu il qabaqcıl biznes tədbirində 500-dən artıq yüksək səviyyəli nümayəndələrin - biznes və hökumət rəhbərlərinin iştirakı gözlənilir. Müzakirələrdə iştirak edəcək spikerlər Aİ və Azərbaycandan olan Baş İcraçı Direktorlar və nazirlərdən ibarətdir.
Tədbirdə açılış nitqi ilə çıxış edəcək Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev də daxil olmaqla, Azərbaycan hökumətinin çoxsaylı nazirləri (nazir müavinləri) iştirak edəcəklər. Foruma həmçinin Aİ üzv ölkələrinin səfirləri qatılacaq. Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun (DG NEAR) Şərq Qonşuluğu bölməsinin Direktoru Lourens Meredit açılış mərasimində salamlama nitqi ilə çıxış edəcək və Azərbaycanda iqtisadi islahatlara dair plenar sessiyanın moderatoru olacaq.
Ötən il nazir Ş.Mustafayev Forumun Aİ-Azərbaycan əlaqələrinə verdiyi töhfə ilə bağlı əhəmiyyətini vurğulayıb və təşkilatçılara biznes tədbirinin təşkilində göstərdiyi səylərə görə minnətdarlığını bildirib. Biznes Forumun əhəmiyyəti barədə danışan Meredit qeyd edib: “Bu, Avropa İttifaqı üçün önəmli bir forumdur; Azərbaycan strateji baxımdan əhəmiyyətli tərəfdaşdır və bu baxımdan ikitərəfli əlaqələr mühüm əhəmiyyətə malikdir.”
İqtisadi islahatlara dair plenar sessiyadan əlavə, builki proqrama həmçinin Azərbaycan iqtisadiyyatının dörd əsas sektoru olan Kənd Təsərrüfatı və Qida, Tikinti və Maşınqayırma, Nəqliyyat və Logistika, İKT və Elektron Ticarət sahələrinə dair panel müzakirələri daxildir. Tədbir zamanı ikitərəfli görüşlərin keçirilməsi onlayn proqram vasitəsilə asanlaşdırılacaq. Proqramın digər əsas elementi Aİ şirkətlərinin nöqteyi-nəzərinə əsaslanan Azərbaycanda cari iqtisadi vəziyyət və biznes mühiti ilə bağlı illik '2018-ci il üzrə Aİ Biznes Mühiti Hesabatı'nın təqdimatıdır.
Hər il baş tutan Aİ-Azərbaycan Biznes Forumu Azərbaycanda cari iqtisadi vəziyyət və biznes mühitinin inkişafına dair müzakirələrin keçirilməsi və Aİ-Azərbaycan biznes əlaqələrinin genişləndirilməsi məqsədini daşıyan və işgüzar münasibətlərin qurulmasına dəstək olan platformadır.
Aİ-Azərbaycan Biznes Forumu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunur. Forumda iştirak ödənişsizdir və qeydiyyat üçün son tarix 29 May 2018-ci ildir.
Daha ətraflı məlumat və qeydiyyat üçün tədbirin veb səhifəsini ziyarət edə bilərsiniz: https:
baku.de/az/tdbirlr/tdbir-tfrrueatlari/ai-azrbaycan-biznes-forumu-2018/
P.Sultanova