BANM-da “Son İclas”ın təqdimatı oldu – FOTO
Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, tədbirdə BANM-ın rektoru Elmar Qasımov, BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli, Ali Məktəbin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbiri öz sözlərilə açan BANM-ın rektoru Elmar Qasımov tədbir iştirakçılarını salamlayaraq onların simasında bütün Azərbaycan xalqını AXC-nin 100 illiyi münasibətilə təbrik edib. Rektor 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olan AXC-nin Azərbaycan xalqının tarixində önəmli mərhələ olduğunu qeyd edərək, məhz həmin dövrdə ölkədə qadınlara seçib-seçilmək hüququnun verildiyini vurğulayıb. Elmar Qasımov həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, ölkə başçının Azərbaycan tarixinə olan ehtiramının və onun bütün dünyaya çatdırılmasına verdiyi önəmin və diqqətin təzahürüdür.
Tədbirdə iştirak edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli tədbirə dəvət aldığı üçün təşəkkür edərək, AXC-nin 100 illiyinin ölkəmiz üçün böyük tarixi əhəmiyyətli hadisə olduğunu qeyd edib. Vitse prezident Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi BP şirkətinin ölkənin tarixi və milli dəyərlərinə hörmətlə yanaşdığını və bu istiqamətdə atılan addımları hər zaman dəstəklədiyini bildirib. Bəxtiyar Aslanbəyli həmçinin BP şirkətinin AXC-nin 100 illiyinə həsr olunmuş “Son İclas” bədii –sənədli filminin sponsoru olduğunu qeyd edib və BP-nin xalqın tarixini, qürur hissini paylaşan ekran əsərinin ərsəyə gəlməsində rolu olduğuna görə şərəf duyduğunu söyləyib.
Tədbirdə həmçinin BANM-ın təşkilatçılığı ilə həyata keçirilmiş AXC-nin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransına müxtəlif universitetlərdən məqalə təqdim etmiş 40-dan çox tələbənin mükafatlarndırılma mərasimi keçirilib, tələbələrə müxtəlif hədiyyələr təqdim edilib.
Daha sonra tədbirdə Heydər Əliyev Fondunun dəstəyi və “BP Azərbaycan” şirkətinin sponsorluğu ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan və AXC-nin 100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli filmi nümayiş olunub. Baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva olan film AXC-nin son günlərində baş verən hadisələrdən bəhs edir. Filmin BANM-da nümayiş etdirilməsinin əsas məqsədi cəmi 23 ay mövcud olmuş AXC-nin keşməkeşli tarixini, onun hansı çətin şəraitdə fəaliyyət göstərdiyini gənc nəslə çatdırmaq olub.
S.Xankişiyeva