Paşinyanın sərsəm bəyanatları və reallıq: yeni müharibə gözlənilir? – TƏHLİL | 1news.az | Xəbərlər
Cəmiyyət

Paşinyanın sərsəm bəyanatları və reallıq: yeni müharibə gözlənilir? – TƏHLİL

18:50 - 08 / 06 / 2018
Paşinyanın sərsəm bəyanatları və reallıq: yeni müharibə gözlənilir? – TƏHLİL

Artıq 20 ildən çoxdur ki, davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi getdikcə bir qədər də dalana dirənməkdədir. Buna səbəb isə Ermənistanın baş naziri Nikol Paşinyanın son günlər heç bir məntiqə söykənməyən və hüquqi əsası olmayan populist çıxışlarıdır.

Xatırladaq ki, Yerevanda baş verən etirazların fonunda Ermənistanın baş naziri Serj Sarkisyan aprelin 23-də istefa verməyə məcbur oldu. Onu yerinə isə etiraz aksiyalarının lideri Nikol Paşinyan gəldi. Heç bir siyasi çəkisi olmayan, dərin siyasi biliyə və təcrübəyə malik olmayan bir şəxsin belə bir uğur qazanması nə qədər təəccüblü olsa da, bir o qədər də gözlənilən idi.

Küçədən baş nazirlik kürsüsünə

Belə bir misal var, “meymunun boğazına su çatanda balasını ayağının altına alar”. Görünən odur ki, aclıq və səfalət içində çırpınan erməni xalqı elə bir vəziyyətə çatdı ki, kütləvi şəkildə küçələrə axışaraq hakimiyyətə qarşı aksiyalara başladı. Bundan istifadə edən Paşinyan isə hakimiyyət əleyhinə çıxışları ilə xalqın rəğbətini qazana bildi və beləcə etiraz hərəkatının liderinə çevrildi. Əslində isə xalq heç də Paşinyanı dəstəkləmirdi, sadəcə Sarkisyan rejimindən yaxa qurtarmaq istəyirdi. Paşinyan isə hakimiyyətə gəlmək üçün xalqın dəstəyindən istifadə etdi.

Onu da xatırladaq ki, Paşinyanın baş nazir seçilməsi ilə bağlı Ermənistan parlamentində keçirilmiş birinci səsvermə Paşinyan üçün uğursuzluqla nəticələndi. Çünki Ermənistanın yuxarı dairələrində oturan şəxslər çox gözəl  anlayırdılar ki, Paşinyan kimi yüksək savadı, siyasi təcrübəsi olmayan bir şəxs Ermənistanı düşdüyü çətin durumdan çıxartmaq iqtidarında deyil. Bununla belə etiraz edən xalqın dəstəyinə arxalanan Paşinyan ikinci dəfə keçirilən səsvermədə istəyinə nail oldu və baş nazir seçildi.

Hər kəsi indi bir sual düşündürürdü – Paşinyan ölkəni düşdüyü çətin durumdan çıxartmaq və ən əsası Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün hansı addımlar atacaq? Əslində bu sualın cavabı əvvəldən məlum idi. Uzun illərdir korrupsiya və rüşvət girdabında boğulan, demək olar ki, heç bir resursu olmayan, xarici ianələr hesabına yaşayan bir dövlət nəyə ümid edə bilər ki? Bunu tezliklə dərk edən Paşinyan sələfiləri Koçaryanla Sarkisyan kimi əsas diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəltməyə başladı. Onun dünən parlamentdə çıxışı zamanı dedikləri isə siyasi səriştəsizliyini və məsələyə absurd yanaşmasını ortaya qoydu.

Paşinyandan sərsəm bəyanat: “onların öz səsi olmalıdır”

Belə ki, N.Paşinyan çıxışı zamanı bildirib ki, hüquqi və mənəvi baxımdan onun Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdur. Əsas arqument kimi o, “DQR”-in parlamenti, prezidenti və hökuməti olan müstəqil ölkə” olduğunu; onun baş nazir seçilməsində dağlıq Qarabağ ermənilərinin iştirak etmədiyi barədə iddialar irəli sürüb.

Paşinyan deyir ki, Dağlıq Qarabağdan çıxan azərbaycanlılar Azərbaycan vətəndaşlığını qəbul ediblər, Azərbaycan Prezidentinin seçilməsində iştirak edirlər və buna görə də Azərbaycanın dövlət başçısı onların adından danışa bilər. “Dağlıq Qarabağ Respublikası”nın vətəndaşları isə Ermənistan hakimiyyətinin seçkilərində iştirak etməyiblər, buna görə də Ermənistan hakimiyyəti onları təmsil edə bilməz. Buna görə də Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda “qarabağlılar”ın öz səsi olmalıdır. Eyni zamanda əvvəl əldə edilən razılaşmalara əməl edilməlidir.

Bundan başqa Paşinyan Azərbaycan tərəfinin vəziyyəti gərginləşdirmək cəhdinə Ermənistanın ölümcül zərbə ilə cavab verəcəyini də bəyan edib.

“DQR” danışıqlarda tərəf ola bilərmi?

Şübhəsiz Paşinyanın üçüncü tərəflə bağlı iddiaları Dağlıq Qarabağla bağlı aparılan danışıqların ruhuna uyğun deyil və mövcud reallığı əks etdirmir. Əgər Paşinyanın dediyi kimi “DQR” müstəqil tərəfdirsə və Ermənistanın onu təmsil etmək haqqı yoxdursa aşağıdakı suallara cavab verməlidir: nəyə görə Dağlıq Qarabağda Ermənistanın hərbi hissələri yerləşir və Ermənistan vətəndaşları orada hərbi xidmət keçir? Nə üçün Dağlıq Qarabağ faktiki olaraq Ermənistan ordusu tərəfindən qorunur? “DQR”-in büdcəsinin formalaşmasında, təchizatında Ermənistan niyə iştirak edir?

Əgər həqiqətən də “DQR” “müstəqil subyektdirsə”, onda Ermənistan qoşunlarını oradan çıxarsın, Azərbaycanın Dağlıq Qarabağla təmaslarına mane olmasın. Məhz bundan sonra Azərbaycan Dağlıq Qarabağla hər hansı danışıqlar apara və problemi həll edə bilər. Necə ki işğal faktı ortadadır və bu faktorun arxasında duran Ermənistan dövlətidir, Azərbaycan yalnız onunla danışıqlar apara bilər.

Paşinyan Dağlıq Qarabağdan qovulan azərbaycanlıların Azərbaycan vətəndaşı olması barədə iddia irəli sürür. Dağlıq Qarabağ dünya birliyi tərəfindən tanınan Azərbaycan ərazisidir və millətindən və dinindən asılı olmayaraq orada yaşayan insanlar da Azərbaycan vətəndaşlarıdır. 25 ildir öz yurd-yuvalarından didərgin düşən bu insanlar harada və hansı statusda yaşamalıydılar? Paşinyan bu insanların hansı proseslərin qurbanı olduğunu bilmir? 

Digər tərəfdən Paşinyanın bu cür bəyanatlarla çıxış etməsi ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı formalaşmış formata, ATƏT-in Minck qrupu həmsədrlərinin mövqeyinə hörmətsizliyidir. O söylədiyi fikirlərlə bu günə qədər Mins qrupu çərçivəsində aparılan danışıqları heçə endirmiş olur.

Ermənistan hələ də aprel hadisələrinin şokunu yaşayır

Paşinyan Azərbaycan tərəfinin vəziyyəti gərginləşdirmək cəhdinə Ermənistan ölümcül zərbə ilə cavab verəcəyi ilə bağlı sərsəm açıqlaması isə sadəcə gülüş doğurur. Çünki Azərbaycan Ordusunun erməni silahlı qüvvələri üzərində zəfəri ilə sona çatan 2016-cı ilin aprel hadisələrindən elə də çox vaxt keçməyib və həmin döyüşlərin nəticəsi hər kəsə yaxşı məlumdur.

Ermənistan müdiası və ekspertləri hesab edirlər ki, bu günə kimi bu ölkə aprel hadisələrinin şokunu yaşayır. Aprel hadisələri aydın göstərdi ki, məhz Azərbaycan tərəfi ölümcül zərbə vurmaq iqtidarında və gücündədir.

Açıq-aydın görünür ki, N.Paşinyan danışıqlar formatını dəyişdirmək və Ermənistana sərf edən formada danışıqlara getmək niyyətindədir.

Paşinyanın çıxışları və iddiaları göstərir ki, onun sülh haqqında iddiaları səmimi deyil və beynəlxalq auditoriyaya hesablanıb. Paşinyan danınşıqlar prosesinin real vəziyyəti haqqında tam məlumatlı deyil. Onun verdiyi bəyanatlar inqilab dalğasında hakimiyyətə gəlmiş birisinin daxili auditoriyanın qarşısında simasını itirməmək məqsədi daşıyır. Eləcə də, Paşinyanın ölkə daxilində qanunçuluğu bərpa edəcəyi, “sehrli çubuqla” hər şeyi öz yoluna qoyacağı barədə iddiaları onun dövlət idarəçiliyində hələ çox təcrübəsiz olduğunun göstəricisidir.

İlham Əliyev: Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq

Paşinyanın söylədiklərinə ən tutarlı cavabı isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev verib. Müqəddəs Ramazan ayı münasibətilə təşkil edilən iftar mərasimində çıxış edən dövlət başçısı Dağlıq Qarabağ münaqişəsindən danışarkən Ermənistandakı son hadisələr toxunub və erməniləri dəfələrlə ifşa etdiyi bildirib:

“Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir. Mən dünyanın ən ali kürsüsündən - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir”.

Ermənilərin 20 il onlara kriminal xuntanın rəhbərlik etdiyini hələ indi anladığını deyən dövlət başçısı Ermənistanın böhran yaşadığını söyləyib və buna səbəb kimi onun Azərbaycan torpaqlarını işğal etməsini göstərib.

Prezident İlham Əliyev Ermənistanın yeni rəhbərliyinin əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacağına ümid etdiyini də diqqətə çatdırıb:

“Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək. Beləliklə, məsələ öz həllini tapa bilər və Qafqaza sülh gələ bilər. Biz bunu istəyirik, biz münaqişənin həllini tələb edirik, bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapa bilər”.

“Ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Buna mənim şübhəm yoxdur”

Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq norma və prinsiplər əsasında həll olunmalıdır. İstənilən halda Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq:

“Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması artıq heç kimdə şübhə doğurmur. Hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan kriminal, qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq.

Bu amillər, həm tarixi faktlar, həm beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərar və qətnamələri nəinki bizim mövqeyimizi gücləndirir, eyni zamanda, münaqişənin həli üçün əsas yaradır, hüquqi baza yaradır və biz yorulmaz fəaliyyət nəticəsində buna nail olmuşuq. Əminəm ki, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Buna mənim şübhəm yoxdur. Həm tarixi həqiqətlər, hüquqi baza, BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri, bizim iqtisadi gücümüz, hərbi gücümüz və bölgədə mövcud olan real vəziyyət bunu deməyə əsas verir”.

Koçaryan- Sarkisyan cütlüyünün qanlı əməlləri ifşa olunur

Qeyd edək ki, hazırda Ermənistanın keçmiş rəhbərləri olmuş Robert Koçaryan və Serj Sarkisyanla bağlı araşdırmalar aparılır. Həmin araşdırmalar nəticəsində Koçaryan- Sarkisyan cütlüyünün formalaşdırdığı I quldur rejimin təkcə Azərbaycan xalqına qarşı deyil, erməni xalqına qarşı da çoxsaylı cinayətlər törətdiyi üzə çıxmaqdadır.

2008-ci il martın 1-də Ermənistanda seçki saxtakarlığına qarşı əhalinin dinc etiraz aksiyasının dağıdılması, insanların gülləbaran edilməsi və nəticdə 10 nəfərin qətlə yetirilməsi bilavasitə R.Koçaryanın göstərişi ilə edilib. Bunu aparılan istintaq çərçivəsində dindirilmə zamanı daxili qoşunların keçmiş komandiri Qriqor Qriqoryan etiraf edib. Bildirib ki, dinc nümayişçilərin gülləbaran edilməsi əmrini ona həmin vaxt prezident olan Robert Koçaryan verib.

Artıq hər kəs daha yaxşı başa düşməyə başlayıb ki, Koçaryan-Sarkisyan cütlüyü bu illər ərzində Ermənistanda qanunsuzluğun hökm sürməsi, insan haqlarının kobud pozulması, iqtisadiyyatın hakim Qarabağ klanı tərəfindən mənimsənilməsi, Ermənistanda sosial və iqtisadi durumun acınacaqlı vəziyyətə düşməsi, insanların bu ölkədən baş götürüb getməsinə görə birbaşa məsuliyyət daşıyır.

Katolikos ll Qaregin də məsuliyyətə cəlb oluna bilər

Mart gülləbaranında əli olan şəxslərdən biri kimi Katolikos II Qareginin də adı hallandırılır. Qeyd olunur ki, 2008-ci il martın birində dinc etiraz aksiyasının gülləbaran edilməsində birbaşa məsuliyyət daşıyır. O, Ermənistanın o vaxtkı hakimiyyətinə belə cinayətkar addım atmaq üçün öz razılığını və xeyr-duasını verib.

Buna etiraz olaraq bir qrup şəxs İrəvanda etiraz aksiyası keçirərək II Qareginin tutduğu vəzifədən getməsini tələb ediblər. Onlar hesab edirlər ki, katolikos erməni xalqının bəlalarında heç də Sarkisyan və Koçaryandan az cavabdeh deyil. İşğalçılıq ideologiyasının, qondarma soyqırımı iddialarının əsas ilhamvericilərindən biri də məhz oldur.

Göründüyü kimi, Paşinyanın hakimiyyətə gəlməsi erməni xalqına yaxşı heç nə vəd etmir. Onun  Ermənistanın düşdüyü çətin vəziyyətin əsas səbəbi olan Dağlıq Qarabağ münaqişənin həllini tapmaq əvəzinə vəziyyəti daha da kəskinləşdirən addımlar atması və sərsəm bəyanatlar verməsi Qarabağda müharibənin aktiv fazaya keçməsi ehtimalını daha da artırı. Bundan ən çox ziyan çəkən tərəf isə şübhəsiz ki, Ermənistan olacaq. O zaman isə erməni xalqı bunun əsas səbəbkarı kimi özünün hakimiyyətə gətirdiyi Paşinyanı günahlandıracaq. Lakin artıq çox gec olacaq.

Babək Cahandarov

Paylaş:
1300

Son xəbərlər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilibBu gün, 17:47Su Ehtiyatları Agentliyinin tərkibindəki qurumların nizamnamələri təsdiqləndiBu gün, 17:44BDU-nun adı 7 dəfə dəyişdirilib - Tarixçilərdən araşdırmaBu gün, 17:39Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEOBu gün, 17:18Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilibBu gün, 17:05Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEOBu gün, 17:03Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürübBu gün, 16:58ABŞ səfiri Qırmızı Qəsəbədə olubBu gün, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edibBu gün, 16:36Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıbBu gün, 16:33Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olubBu gün, 16:24Azərbaycan şahmatçısı Avropa çempionu olubBu gün, 16:11Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEOBu gün, 15:50Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb - FOTOBu gün, 15:29TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİBBu gün, 15:19Qadını şantaj edərək pul istəyən şəxs tutulduBu gün, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdiribBu gün, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 14:19
Bütün xəbərlər