Baş nazirin müavini: İcbari tibbi sığorta bütün ölkə üzrə həyata keçiriləcək

"Güman edirəm ki, yaxın illərdə icbari tibbi sığorta Azərbaycanın bütün ərazisində həyata keçiriləcək".
1news.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu jurnalistlərə baş nazirin müavini Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, Yevlax, Mingəçevir və Ağdaşda icbari tibbi sığortanın pilot layihə kimi tətbiqi uğurlu nəticə verib.
Baş nazirin müavininin sözlərinə görə, payız aylarında Milli Məclisə icbari tibbi sığorta ilə bağlı yeni qanunlar, eyni zamanda qanunlara yeni dəyişikliklər təqdim ediləcək: “Bu qanun layihələri qəbul olunduqdan sonra bütün Azərbaycan miqyasında icbari tibbi sığortanın tətbiqi mümkün olacaq”.
İcbari tibbi sığorta haqqına gəlincə isə baş nazirin müavini bildirib ki, Azərbaycanın işləyən vətəndaşları əməkhaqlarından müəyyən faizlər ödəyəcək, işləməyən, bizneslə məşğul olan vətəndaşlar isə müəyyənləşdirilmiş dərəcədə tibbi sığortaya töhfələrini verəcəklər: "Amma bəzi kateqoriyalar, məsələn, pensiyaçılar, uşaqlar, əlillər icbari tibbi sığorta haqqını ödəməkdən azad olacaqlar. Dövlət özü bu vəzifəni öz üzərinə götürəcək”.
Ə.Əhmədov ölkəyə saxta dərmanlar gətirilməsinə də toxunub, deyib ki, elə bir sistem yaradılmağa çalışılır ki, saxta dərmanların Azərbaycana gətirilməsinin qarşısı alınsın".
Baş nazirin müavini bildirib ki, Nazirlər Kabinetində bununla bağlı toplantı keçirilib, müvafiq qurumlar dəvət olunub: “Ciddi araşdırmalar aparıldı, İşçi Qrupu yaradılıb ki, ölkəyə saxta dərman gətirilməsinin qarşısının alınması üçün təkliflər versin. Bu bütün dünyada problemdir, ancaq biz çalışacağıq ki, ölkəyə saxta dərman gətirilməsi səviyyəsi ciddi şəkildə aşağıya salınsın və insanlarımız bundan ciddi əziyyət çəkməsinlər".
1news.az