Pərviz Heydərov: Nəqliyyatda gediş haqlarının artırılması qaçılmaz bir prosesdir
Tarif (qiymət) Şurasının ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə təsdiq etdiyi yeni tariflər həm vaxtın seçimi, həm də artım faizi baxımından çox effektli və əhalinin qiymət artımlarına həssas təbəqəsinin sosial vəziyyətinin müdafiəsi təşkili nöqteyi-nəzərindən çox düzgün və düşünülmüş qərardır.
Bunu 1news.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov metro və avtobuslarda gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasının qərarını şərh edərkən deyib.
“Hətta bu, xeyli gecikmiş addımdır. Ancaq yeni dərs mövsümü və ümumiyyətlə, “qaynar həyatın” başlanmasına hələ xeyli qalmış, yəni yay ayında belə bir qərarın verilməsi olduqca vaxtında atılan addımdır.
İqtisadiyyat elə bir sahədir ki, burada heç nə sabit olaraq qalmır. Təklif və tələb nisbəti daim dəyişir, inkişaf edir... O cümlədən, qiymətlər də ən geci hər 5-6 ildən bir dəyişir və artır. Yəni, bu, qaçılmaz bir prosesdir. Söhbət, hələ tənzimlənən qiymətlərdən gedir.
İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində isə bu cür qiymətlərin sayı ümumiyyətlə az olur və yaxud heç olmur. Nəqliyyat sektorumuz bütövlükdə özəl şirkətlərin dəstəyi və diqtəsi ilə idarə olunsa idi, qiymətlər hər il dəyişərdi və bəlkə də qalxardı”- deyə, P.Heydərov qeyd edib.
1news.az