Bu gündən Məhərrəm ayı başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gündən Məhərrəm ayı başlayır

09:35 - 11 / 09 / 2018
Bu gündən Məhərrəm ayı başlayır

Bu gündən Məhərrəm ayı başlayır. 

1news.az xəbər verir ki, hicri təqvimi ilə  (1440-cı ilin başlanğıcı) Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edir.

Oktyabrın 11-də başlayacaq Səfər ayı Miladi təqvimi ilə noyabrın 8-də başa çatacaq. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Məhərrəmliklə bağlı fətvasında qeyd olunur ki, müqəddəs aylardan olan Məhərrəm ayı Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibə və münaqişələrin qadagan edildiyi aylardandır: 

"Lakin, təəssüflər olsun ki, bu ayın onuncu, yəni Aşura günü İslam tarixinə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn əleyhissəlamın və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi bir gün kimi daxil olub. Müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin nəsillərin yaddaşında əbədi yaşaması, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsi bu gün də dindarlar üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, ölkəmizdə İmam Hüseyn (ə) əzadarlığı, Peyğəmbər nəvəsinin iman, mənəviyyatın saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən və iman sevgisinin təcəssümü, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə fədakarlıq və dəyanət örnəyi olmalıdır".

QMİ fətvada Aşura günü İmam Hüseyn (ə) əzadarlığının İmamın (ə) şəninə layiq şəkildə keçirilməsini tövsiyə edib.

“Bildiririk ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. Təziyə məclislərində dindarlar tərəfindən Kərbəla vaqeəsində İmam Hüseyn (ə) və onunla birlikdə şəhid olanlar yad edilməli, Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın əziz xatirəsi ehtiramla anılmalıdır. Əzadarlıq məclisləri keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunub zəncir, sinə vuraraq bədənə xəsarət yetirməklə qan çıxarmaq müqəddəs şəriətimizə uyğun deyil və ictimai qınağa səbəb olur. Əzadarlar özlərinə və digərlərinə xəsarət yetirməməli, başqalarını da belə hərəkətlərə təhrik etməməlidirlər.

Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin və Vətən uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir. Buna görə də bu, həyat verən savab əməl - örnək aksiya din xadimləri tərəfindən təbliğ edilməlidir. Ümidvarıq ki, dindarlarımız İmam Hüseyn (ə) təziyədarlığı zamanı bu humanist ənənəni davam etdirəcəklər. Bundan əlavə, din xadimlərimiz öz moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətləri və Kərbəla şəhidliyinin mahiyyətini çatdırmaqla yanaşı, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Vətən şəhidlərinin fədakarlıq nümunəsini də təbliğ etməlidirlər.

Moizə və xütbələrdə dindarlara erməni ekstremistləri tərəfindən zəbt olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı Ali Baş Komandanın əmrinə hər an hazır olmaq mətləbi təlqin edilməli, İmam Hüseynin (ə) fədakarlıq nümunəsinin mənəvi əhəmiyyəti bu baxımdan ilham mənbəyi kimi xüsusi vurğulanmalıdır. Din xadimlərimiz moizələrində dindarları daima Vətən təəssübünü, milli və dövləti mənafelərimizi uca tutmağa çağırmalıdırlar.

Milli-mənəvi, dini dəyərlərimizin qarantı olan dövlətçiliyimizə qarşı dini zəmində çağırışlarla bağlı Qafqaz Müsəlmanları İdarəsinin bu yaxınlarda etdiyi müraciətdə əksini tapan məsələlərə din xadimlərimiz xüsusi diqqət yetirməli, İmam Hüseyn (ə) təziyədarlığından və digər dini mərasimlərdən təxribatlar üçün istifadəyə imkan verməməlidirlər.

Azərbaycan dindarları Vətənimiz və onun qüdrəti üçün misilsiz səylər göstərən, ölkəmizin siyasi-iqtisadi inkişafı, əmin-amanlığının təminatçısı, milli-mənəvi, dini-multikultural dəyərlərin himayədarı olan möhtərəm dövlət başçımızın fədakar fəaliyyətinə Uca Allahdan rəvac diləyir, ölkəmizin əmin-amanlığı və rifahı üçün dualar edirlər”,- fətvada deyilir.

1news.az

Paylaş:
841

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər