Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib

18:06 - 12 / 09 / 2018
Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sentyabrın 12-də Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

1news.az xəbər verir ki,  konfransda təhsil naziri Ceyhun Bayramov, təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva, nazirliyin və BŞTİ-nin struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, məzunlar və media nümayəndələri iştirak ediblər.

Tədbirdə Məhəbbət Vəliyeva hesabat məruzəsi ilə çıxış edib. O, ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər və perspektiv məsələlərdən bəhs edib, ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görülmüş işlərə diqqət çəkib.

M.Vəliyeva çıxışında BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 2018-2019-cu tədris ilinə tam hazır olduğunu və növbəti dərs ilində daha yüksək nailiyyətlər qazanılacağına əminliyini ifadə edib.

Nazir müavini qeyd edib ki, son illər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının nəticələrində, bütövlükdə isə ali və orta ixtisas təhsili müəssisələrinə qəbulda müsbət dinamika müşahidə olunmaqdadır.

Sonra konfransda çıxış edən təhsil naziri Ceyhun Bayramov təhsil sahəsindəki uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan danışıb. “Bilik günü” münasibətilə təhsil işçilərinə təbriklərini çatdıran nazir bir sıra həlli vacib məsələlərə, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub.

Təhsil naziri respublika üzrə bilik yarışlarında, beynəlxalq olimpiadalarda və ali məktəblərə qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayının ilbəil artdığını bildirib. 

Nazir, eyni zamanda buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Təhsil naziri çıxışında məktəb idarəetməsi, məktəblərin reytinqi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və ümumilikdə, tədrisin keyfiyyətinin yüksəldilməsi kimi məsələlərin növbəti tədris ilində əsas prioritet istiqamətlərdən olacağını qeyd edib.

Daha sonra 35 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Pərvanə Talıbova, müəllimlərin işə qəbulu müsabiqəsində 55 bal toplayan İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi Ülvi Şamilov, 244 nömrəli tam orta məktəbin məzunu və bu il ali məktəblərə qəbul imtahanında 666 bal toplayan, Azərbaycan Dillər Universitetinin I kurs tələbəsi Rəşidə Həqiqətli çıxış ediblər.

Sonda pedaqoji ixtisaslar üzrə ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrə təşəkkürnamələr verilib. Həmçinin, yüksək balla müəllim kimi işə qəbul olunan, eləcə də uzun müddət təhsil sistemində çalışan müəllimlər mükafatlandırılıb.

Babək Cahandarov

 

 

Paylaş:
742

Son xəbərlər

Bütün xəbərlər