Nigar İsmayılqızının vəziyyəti pisləşdi: “Duanıza ehtiyacımız var, ümid Allahadır” - FOTO

Xəbər verildiyi kimi, tanınmış jurnalist və yazar, Prezident təqaüdçüsü Nigar İsmayılqızı ağır leykoz (qan xərçəngi) xəstəliyinə tutulub.
1news.az xəbər verir ki, Nigar İsmayılqızı sentyabrın 3-də Türkiyənin Hacəttəpə xəstəxanasına yerləşdirilib. Onun bu vəziyyətində ölkənin bir çox ziyalıları dövlət rəhbərliyinə, iş adamlarına və ictimaiyyətə müraciət ediblər. Nəticədə bir çox dövlət xadimini və ölkə ziyalısını əhatə edən kampaniya başlayıb.
Həkimlərin səylərinə baxmayaraq jurnalistin vəziyyəti pisləşməkdə davam edir. Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli də şəxsi Facebook səhifəsində Nigarın vəziyyətinin pisləşməsindən narahatlığını ifadə edərək hər kəsi ona dəstək olmağa çağırıb:
“Nigar İsmayılqızının vəziyyəti kəskin pisləşib. Duanıza ehtiyacımız var, ümid Allahadır”- deyən H.Heydərli Nigarın müalicəsi üçün 100 min manatın tələb olunduğunu da qeyd edib.
“Hazırda Nigarın vəziyyəti çox ağırdır, dünən axşam saatlarından vəziyyəti pisləşib. Onun müalicəsi üçün 100 min manat tələb olunur. Ancaq əməliyyata qədər də çox ağır və yorucu bir yol var. Nigar bu yolu qət edə biləcəkmi? Həkimlər ümidli danışmır, ümid yalnız Allahın möcüzəsinə qalıb”- deyə, H.Heydərli bildirib.
Nəzərinizə çatdıraq ki, 22 sentyabr saat 12:00-da Azərkitabda Nigara dəstək məqsədilə xeyriyyə tədbiri baş tutacaq. Nigara dəstək vermək istəyən hər kəsi dəvət edirik.
Qeyd edək ki, İsmayılova Nigar İsmayıl qızı 1984-ci ildə Şabran şəhərində doğulub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Daha sonra Odlar Yurdu Universitetinin jurnalistika kafedrasında müəllimə olaraq işə başlayıb. Eyni zamanda Azərbaycan Dövlət Televiziyasının (AzTv) “Xəbərlər” departamentində müxbir olaraq fəaliyyətini davam etdirib. 2013-ci ildə Azad Azərbaycan kanalının “Xəbərlər” departamenində müxbir, redaktor kimi işləyib.
2015-ci ildə Türkiyənin İstanbul şəhərinə köçüb və həmin ildə “GEM.AZ1” Televiziyasında iqtisadiyyat xəbəri aparıcısı kimi işə qəbul olunub. Bununla yanaşı bir sıra saytlarda köşə yazıları ilə çıxış edib. 2015-ci ilin dekabr ayında AYB kitab layihəsi çərçivəsində “Pamukun qonşusu” adlı esselərdən ibarət ilk kitabı çıxıb.
2016-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvüdü. Həmçinin “Bakıdan Nazim keçdi” adlı sənədli filmə ssenari yazıb, film çəkib. Bundan əlavə Aprel savaşlarından təsirlənərək “Ölsəm…Yaşat” adlı sənədli filmə ssenari yazıb film çəkib. “ O və Sumqayıt” layihəsində aparıcılıq edib. “Zəriflik” jurnalında müsahibələri çap olunub. 36-xüsusi müsahibədən ibarət olan “Bakıdan İstanbulacan və dönüş” adlı kitabı 2016-ci ilin son aylarında işıq üzü görüb.
2017-ci ldə Qarabağ müharibəsinə həsr olunan “Savaşçı”(aprelin izi ilə…) adlı kitabı çap olunub. İstanbulda yerləşən “GEM.TV” kanalında redaktor olaraq işini davam etdirib, “Xatirələrdə yaşayan Nazım” adlı sənədli film hazırlayıb. Daha sonra İstanbulda yeni qurulan “ Kardelen Medya” şirkətində “Nazimin Bakı izləri” adlı sənədli filmini təqdim edib. 2017-2018 ci ildə “Kardelen Medya” şirkətində “İnsan Kaynakları Müdüri” olarak fəaliyyətini davam etdirib.
Son aylara qədər “GÜN.AZ” kanalında “Economi durağı” proqramında aparıcılıq və Türkiyə vəkillərinə həsr olunan “Vəkilin sirrli qələmi” adlı proje üzərində işləyib. 2018-ci ildən etibarən gənc yazar olaraq Prezident təqaüdünə layiq görülüb.
Kömək etmək istəyənlərə Nigar İsmayılqızının bank rekvizitlərini təqdim edirik:
1news.az