Belçika səfiri: “Naxçıvan hətta Avropaya nümunə ola bilər...”
Naxçıvan Muxtar Respublikası bərpa olunan enerji mənbələrindən istifadənin inkişafı üzrə hətta bəzi Avropa ölkələri üçün nümunə ola bilər.
1news.az xəbər verir ki, bunu Belçikanın Azərbaycandakı səfiri Bert Skufs Naxçıvan MR-da “Avropa günləri”nin başlanmasına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, Belçika şirkətləri Naxçıvanda günəş enerjisinin generasiyası sahəsində çalışırlar:
"Bir çox ölkələr enerji təhlükəsizliyinin təmin edilməsinin vacibliyindən danışırlar, amma praktikada böyük nəticələr əldə edə bilmirlər. Naxçıvanda isə deyilən hər bir iş yerinə yetirilir. Burada həqiqətən enerji təhlükəsizliyi təmin olunur. Ümid edirik ki, bu sahə gələcəkdə daha da inkişaf edəcək. Naxçıvan MR bərpa olunan enerji mənbələri sahəsinin inkişafında hətta bir çox Avropa ölkələri üçün nümunə ola bilər".
Finlandiyanın Azərbaycandakı səfiri Arya Makkonen isə vurğulayıb ki, ölkəsinin böyük bir şirkəti Naxçıvanda bərpa edilən enerji sahəsində fəaliyyət göstərir:
“Biz bu sahədə əməkdaşlığın inkişafında maraqlıyıq. Naxçıvan MR rəhbərliyi bu əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Finlandiya şirkəti etibarlılıq və keyfiyyəti təmin edir".
P.Sultanova